QHT sədri ictimai-siyasi təşkilatlarla görüşlərə başlayıb
Tarix: 13-02-2016 20:57 | Bölmə: Cəmiyyət / Xəbərlər


Yenicə dövlət qeydiyyatından keçmiş "İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi 2015-ci il parlament seçkiləri ilə bağlı layihəyə başlayıb. Birlik seçkilərə qədər ölkənin müxtəlif ictimai və siyasi təşkilatları, nüfuzlu şəxsləri ilə görüşlər əsasında problemli saydığı məsələlərlə bağlı hesabat hazırlamaq niyyətindədir.

Bu istiqamətdə birliyin sədri Elxan Şükürlü ilk olaraq keçmiş partiyası Ədalətin sədri, deputat İlyas İsmayılovla görüşüb. Başladıqları layihə barədə azadliq.info-ya danışan Elxan Şükürlü deyib ki, məqsədləri ölkənin problemlərinə baxışda müxtəlif mövqe, rəy və təkilfləri öyrənmək, yekunda analitik hesabatlar hazırlayıb cəmiyyətə və aidiyyəti qurumlara təqdim etməkdir.

"Bu praktika xaricdə ayrı-ayrı "beyin mərkəzləri” tərəfindən tətbiq olunsa da, Azərbaycanda yoxdur. Bizdə hər bir siyasi və ya ictimai təşkilat əksər hallarda öz siyasi, yaxud qrup maraqlarından çıxış etdiyindən, bəzən, ölkə üçün çox əhəmiyyətli təklif və tövsiyələr arxa plana keçir. Biz bu təklif və tövsiyələri toplamaq, sistemləşdirmək, problemlərin həlli üçün ortaq nöqtələrin tapılmasına kömək etmək və yazılı hesabatlar şəklində cəmiyyətə təqdim etmək niyyətindəyik. Mümkündür ki, gələcəkdə bu işi konkret layihələr çərçivəsində yerli donor təşkilatlar üçün də həyata keçirək”.

Şükürlüyə görə, ilk görüşün İlyas İsmayılovla keçirilməsinin mənəvi-siyasi mənası var: "Mən düz 10 il Ədalət Partiyasında İlyas müəllimin müavini olmuşam, belə demək mümkünsə, cəmiyyətə siyasi təqdimatım Ədalət Partiyası vasitəsi ilə olub. Təşkilatımızın rəhbərliyində təmsil olunan tanınmış şair-publisit Heydər Oğuz isə hal-hazırda da İlyas müəllimin müavinidir. Hər ikimiz İlyas müəllimdən çox şey öyrənmişik və bu haqqı itirmək olmaz”.

E.Şükürlünün dediyinə görə, İ.İsmayılovla görüşdə onun Dağlıq Qarabağ problemi, proporsional seçki sisteminin bərpası, vəzifəli şəxslərin qanunçuluğa riayət etməsi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizənin təşkilində siyasi partiya və vətəndaş cəmiyyəti institutlarının imkanlarından istifadə yolları, ikili vətəndaşlıq haqda qanunun mümlünlüyü, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri və s. barədə fikirlərini öyrəniblər.

E.Şükürlü bildirib ki, eyni mövzularda digər təşkilatların, siyasilərin və araşdırmaçıların da rəylərini öyrənməyi nəzərdə tuturlar.

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər