Tarix: 08-06-2017 14:08 | Bölmə: Gündəm
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib.
Reyting.az Trend-ə istinadla xəbər verir ki, konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri və millət vəkilləri iştirak ediblər.
Konfransda çıxış edən Ə.Həsənov bildirib ki, YAP Nərimanov təşkilatının fəaliyyəti dinamik olub və qənaətbəxş dəyərləndirilə bilər. Nərimanov rayon təşkilatı YAP-ın avanqard təşkilatlarından biridir:
"Ümumilikdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti Nərimanov rayonundan başladı və sonra digər rayonlara yayıldı. Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycan Respublikasının mövcud vəziyyətindən, zərurətindən yarandı. O zaman partiya yaradılarkən heç kim düşünmürdü ki, partiya kimisə hakimiyyətə gətirmək istəyir. Ümummilli lider partiyaya sədrlik etməyə başlayanda düşünmürdü ki, o, Yeni Azərbaycan Partiyasının sədri kimi hakimiyyətə gələcək. O zaman ümummilli lider belə bir fikir irəli sürmüşdü ki, "mən bütün Azərbaycan xalqını, bütün Azərbaycan ziyalılarını mövcud hakimiyyətin ətrafında birləşməyə çağırıram və hər bir Azərbaycan vətəndaşı, hər bir ziyalı kimin hansı mövqe tutmasından asılı olmayaraq, bu dövlətin qorunması, yaşadılması, möhkəmləndirilməsinə öz dəstəyini verməlidir, dövlətin yükünün bir hissəsini öz çiyinlərinə almalıdır”.
Amma sonrakı proseslər göstərdi ki, hətta Azərbaycan xalqına, ziyalılarına öz çiyinlərini o zaman sürətlə iflasa gedən dövlətin problemlərinin altına verməyə belə imkan vermədilər.
Yadınızdadırsa, Heydər Əliyevin "bütün Azərbaycan xalqı mövcud hakimiyyətin ətrafında birləşməlidir və dövləti bu vəziyyətdən çıxarmaq üçün hər bir insan öz töhfəsini verməlidir”,- çağırışına o zamankı iqtidar Heydər Əliyevə hədələrlə, parlamentdə ona qarşı ləyaqətsiz hərəkətlər etməklə və Naxçıvana cəza batalyonu göndərmək fikrinə düşərək ümummili lideri Azərbaycanın inkişafı yolundan sapdırmağa çalışırdılar. Bu gün demokratiya barədə bar-bar bağıran, Azərbaycanda demokratiyanın, insan hüquqlarının qorunması ilə bağlı özlərinin əsassız itthamlarını irəli sürən insanlar o zaman, 1992-ci ilin noyabr ayında Bakı şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsinə imkan vermədilər və Yeni Azərbaycan Partiyası o soyuq, şaxtalı gündə, elektrik enerjisinin olmadığı bir şəraitdə Naxçıvanda özünün qurultayını keçirdi. Bax belə bir şəraitdə Yeni Azərbaycan Partiyası yaradıldı”.
Ə.Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandı, təşkilatlandı və Azərbaycanın bu gününün və gələcəyinin statusunu qazandı:
"Yeni Azərbaycan Partiyasının əsas ideyası dövlət və dövlətçilikdir. Yeni Azərbaycan Partiyası milliyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının partiyası olmaq ideyasını irəli sürdü və belə də oldu”.
PA rəsmisi vurğulayıb ki, YAP-ın ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulan ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hər seçkidən seçkiyə Prezident İlham Əliyevin tərəfdarlarının sayı artır, Yeni Azərbaycan Partiyasının sıraları genişlənir".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan bu gün dünyanın və bölgənin əsas idman, mədəniyyət mərkəzlərindən birinə, siyasi, mədəni, multikultural dəyərlərin müzakirə olunduğu, yeni-yeni nümunələrin ortaya qoyulduğu bir mərkəzə çevrilib.
Bölməyə aid digər xəbərlər