Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
Tarix: 20-10-2025 17:49 | Bölmə: Siyasət
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Bəs hüquq müdafiəçilərindən kimlər Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmağı və evinə gedib baş çəkməyi düşünür?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-un sualına cavab olaraq bildirib:

“Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmıram. Onun vəziyyəti, yaşayışı, kim onunla əvvəllər yaxın dost olub, kimə deputat mandatı verib, kimə ev və ya villa verib - getsinlər, onlar maraqlansınlar. Mən doğrudan da onunla maraqlanmıram. Üstəlik, onu yaxından tanımıram; nə görüşmüşəm, nə də danışmışam əvvəllər. Yalnız mediadan eşidirdim ki, hansı işlərlə məşğuldur.

Amma onun komandasından olan Əli Həsənovla danışmışam, görüşmüşəm. Ramiz Mehdiyevin nə pisliyini, nə də yaxşılığını görmüşəm. Mən ümumiyyətlə “vurulan” adamın - lap mənim qatı düşmənim olsun - onun arxasınca danışmamışam. Amma əgər Ramiz Mehdiyev dövlət çevrilişi etmək istəyibsə, bunu heç kəsə bağışlamaram. Çünki biz öz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü yenicə qazanmışıq. Ona görə də kimsə çalışır ki, kiminsə əli ilə ölkədə çevriliş etsin - o, mənim qatı düşmənimdir!

Bir də ki, bu o demək deyil ki, hüquq müdafiəçisi hər kəsi müdafiə etməlidir. Amma ola bilər ki, Ramiz Mehdiyev həbsxanaya düşsün və orada ona münasibət pis olsun, məsələn, həkimə müraciət edilməsin, xəstəxanaya aparılmasın; o halda müdafiə edərəm. Amma indiki halda qətiyyən!”




Bölməyə aid digər xəbərlər