Tarix: 15-04-2016 10:27 | Bölmə: Gündəm
"Faktiki olaraq rayonların qaytarılması məsələsinin gündəmə gətirilməsi ictimai rəyi hazırlamaq məqsədi güdür. Başa düşüləndir ki, məsələnin bütün müddəalarının məxfi saxlanılması da cəmiyyətdə ayrı-ayrı qüvvələri, radikal dairələri hansısa sərt hərəkətlərdən daşındırmaq üçündür".
Bu sözlərimillət vəkili Zahid Oruc deyib.
Deputat ilk növbədə hazırda hallanan Kazan sənədinə diqqət çəkib və orada Azərbaycan əleyhinə müddəaların yer aldığını açıqlayıb:
"Xatırlayırsınızsa, Fələstin və İsrail arasındakı danışıqların mühüm fazalarında kimlərsə İsaak Rabinə güllə atır, sui-qəsdlər meydana çıxır, terrorlar baş verirdi. O cümlədən, 1999-cu ildə Ermənistan parlamentinin gülləbəran edilməsi sübut edir ki, Qarabağ məsələsində kiçik dəyişikliklər bölgədə kimlərinsə başını tələb edir. Təəssüf ki, Qarabağ məsələsini bu cür regional və beynəlxalq siyasətin əsas hədəfinə çeviriblər. "Dördgünlük müharibə”dən sonra indi Qafqaz özü də kimlər üçünsə Lələtəpədir. Oradan bütün regionu idarə etmək olur. Ermənilərin planı əslində 7 rayon əvəzində müstəqillik formulu idi. Bu gün Azadlıq meydanına çıxan və anti-Rusiya şüarı səsləndirənlər açıq şəkildə deyirlər ki, biz nə vaxt müstəqilliyimizi qazanmışıq ki, real şəkildə də haqlarımızı ortaya qoya bilək, yüz illər ərzində Ermənistan başqa dövlətin təbəəsi kimi mövcud olub. Bu ifadələr ermənilərə məxsusdur. Kazan görüşündə Azərbaycan tərəfinin əsas etirazı Qarabağın statusu ilə bağlı olub. Məsələ sənədlərdə heç də plebisit, yəni referenduma qarşı çıxmaq deyildi. Vaxtilə Kosovo ilə bağlı BMT təmsilçiləri yenidən bu ərazinin Serbiyanın tabeçiliyinə qaytarılmaması üçün çox çalışdı. İndi Azərbaycanın əleyhinə o müddəalar Kazan sənədində də var”.
Z.Orucun sözlərinə görə, məqsəd Qarabağda Tatarıstan modelini tətbiq etməkdir:"Sonunu dəfə görüş niyə Kazanda keçirildi? Çünki Tatarıstan Rusiya içərisində fərqli bir statusa malikdir. Tatarıstan həqiqətən də özündə xeyli suveren hüquqları daşıyır və belə hesab edirlər ki, eyni şərtləri ayrı-ayrı formada Qarabağa da şamil də bilərlər. Yəni Azərbaycan insanı görsün ki, Tatarıstan modeli Rusiyanın bütövlüyünü və suverenliyini sarsıtmır. Baxmayaraq ki, Mintimer Şaymiyev artıq hakimiyyətdə deyil, ancaq o dövr Putin qədər səlahiyyətə malik idi. Yəni indi bizə də bunu hansısa formada təqdim etmək istəyi var”.
Son müharibədən sonra artıq prosesi köhnə formasiyada saxlamağın qeyri-mümkünlüyünü dilə gətirən millət vəkili bildirib ki, Ermənistan ən maksimalist şərtlərlə bu müharibədən çıxsa belə, dünyaya yolu yoxdur:
"Ermənistan yalnız Azərbaycandan keçməklə dünya ilə münasibətlər qura bilər. Yəni Ermənistan üçün Türkiyə və Azərbaycanı əvəz edəcək dövlət yoxdur. Gürcüstanın başı isə özünə qarışıb. Ona görə də nəinki Qarabağ, o cümlədən, rəsmi İrəvanın qarşısında dayanan mühüm vəzifə Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Lakin bunu maksimum şərtlərlə həyata keçirməyə çalışırlar. Beş rayonun qaytarılmasına gəldikdə isə, əminəm ki, Qərb ziyanına getdiyi istiqamətdə prosesi əngəlləməyə çalışacaq və onlar tərəfindən müxtəlif təxribatlar işə düşəcək. Çünki Rusiyanın bu prosesi təkbaşına sona çatdırması onun sülhyaradıcı missiyasını, Qafqazın Rusiyanın maraq dairəsində qalmasını təmin edərdi. Birinci niyyət məhz bundan ibarətdir: 5 rayondan sonra kommunikasiyalar açılsın ki, Ermənistan blokadadan çıxsın”.
Millət vəkili qeyd edib ki, Kazan görüşünün prinsiplərini yenidən müzakirəyə çıxarmaqla alver predmeti kimi 7 rayonu verib, müstəqilliyi almaq məsələsini Azərbaycana qəbul etdirə biməyəcəklər:
"Son müharibədə Türkiyənin təsirindən danışdılar. İndi Türkiyə də, Rusiya da kənara çəkilsin. Azərbaycan Ermənistana getməyəcək, Şuşada dayanıb, ermənilərə "bizim qanunlarımıza tabe olun” əmrini verəcək. Hərbi əməliyyatların cəmiyyətə çox da açıqlanmayan tərəflərindən məlumatlı biri kimi deyə bilərəm ki, real olaraq hazırda ədaləti ən yaxşı təmin edəcək qüvvə Azərbaycan Ordusudur. Bu gün müstəqillik yolu ermənilərin qəbrini qazmaq vasitəsidir. Çünki onlar bir daha əmin olublar ki, demoqrafik cəhətdən məhv olurlar. Bir sözlə, Ermənistan özü üçün bir Əfqanıstan yolunu seçərsə, bu, onların sonu olacaq. Yeganə yol Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmək və bununla da bölgədə sülh və təhlükəsizliyi təmin etməkdir”.
Axar.az
Bölməyə aid digər xəbərlər