NASA Maskın şirkətindən imtina edə bilər - Foto
Tarix: 22-10-2025 07:34 | Bölmə: Cəmiyyət
NASA Maskın şirkətindən imtina edə bilər

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) çox yaxın zamanlarda milyarder İlon Maska məxsus "SpaceX" şirkətindən imtina edə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə dünya mediası yazıb.

Məlumata görə, nəzərdə tutulan layihə gecikmələri səbəbindən NASA yenidən öz planlarını dəyişməyi düşünür və astronavtları Ay səthinə endirmək üçün "SpaceX" ilə əməkdaşlığını dayandırmağı müzakirə edir. Bəzi mütəxəssislərin fikrincə, bu baş verəcəyi təqdirdə "Blue Origin" ön plana çıxa bilər.

"Reuters"-in məlumatına görə, NASA-nın icraçı direktoru Şon Daffin bildirib ki, "Blue Origin" ilə yanaşı digər şirkətlərin də bu prosesə cəlbi mümkündür. Yeni qərar həm də ABŞ şirkətləri arasında "Ay yarışı"nı sürətləndirəcək.



NASA-da "SpaceX" şirkəti ilə "Starship" sisteminin gecikmələri ilə bağlı çox ciddi narahatlıqların olduğu bildirilir. Bu səbəbdən 2027-ci ilə planlaşdırılan "Artemida III" missiyası üçün böyük risk yaranıb.

Ağ ev isə Çinin 2030-cu ilə qədər Ay missiyası planlarını nəzərə almaqla, kosmik sahədə aparılan rəqabət fonunda ABŞ-nın geri qalmamasını istəyir.

Amerikalı digər məşhur iş adamı Ceff Bezosa məxsus "Blue Origin" şirkəti 2030-cu ildə baş tutacaq "Artemida V" missiyası üçün "Blue Moon" adlanan ay eniş modulunu hazırlayır.

Onu da qeyd edək ki, Mask və Bezos arasındakı uzunmüddətli rəqabət fonunda Daffinin bu açıqlaması iki nəhəng şirkət arasında davam edən gərginliyi daha da artırıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq