Qurban Qurbanov: "Olimpiya" ilə oyunda ciddi olmalıyıq"
Tarix: 30-08-2023 18:02 | Bölmə: İdman
Qurban Qurbanov: "Olimpiya" ilə oyunda ciddi olmalıyıq"

"Qrup mərhələsindən əvvəl son oyunumuzdur. İlk matçda qələbə qazansaq da, sabah ciddi olmalıyıq".

Məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin öz oyun üslubunun olduğunu bildirib: "Onların çempionat matçına da baxdıq. Məğlub olsalar da, daha çox şansları oldu və bundan yararlana bilmədilər. Biz isə sərfəli nəticə üçün çalışmalıyıq. Futbolçulara inanıram".

Qurbanov Sloveniya klubunun risk edəcəyini vurğulayıb: "Hesab bizi aldatmalı deyil. Onlar sabah heç nədən çəkinməyəcəklər. Biz daha aktiv və aqressiv olmalıyıq. "Olimpiya"nın istənilən rəqibə qalib gəlmək üçün potensialı var. Futbolçular rəqibin oyununu yaxşı bilirlər. Burada daha diqqətli davranmalıyıq".

Təcrübəli baş məşqçi zədəli Patrik Andradenin təxminən iki həftədən sonra sıraya dönəcəyini söyləyib: "Bədavi Hüseynov bəlkə də bir az gec komandaya qoşuldu. Zədələri yüngül deyil".

Mütəxəssis transferdə aktiv olduqlarını və futbolçuları nəzərdən keçirdiklərini diqqətə çatdırıb: "Son günədək işimizin başında olacağıq və heyətə yeni futbolçu cəlb etməyə çalışacağıq.

Qurbanov qarşılaşma üçün start "11-liy"in hələlik müəyyənləşmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, avqustun 31-də oynanılacaq "Qarabağ" - "Olimpiya" görüşü saat 20:00-da başlayacaq. İlk matçda Ağdam təmsilçisi qələbə qazanıb - 2:0.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}