"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
Tarix: 05-09-2025 08:50 | Bölmə: Cəmiyyət
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər

Amerikalı iş adamı İlon Maskın "Tesla" şirkəti növbəti dəfə müasir model olan humanoid robotunu - "Optimus"-un yeni nəsil prototipini nümayiş etdirib. Bu yeniliklə bağlı şirkətin dərc etdiyi foto və videomaterialda robotun süni intellektlə, böyük dil modeli "Grok" əsasında işlədiyi göstərilib.

Reyting.az
xəbər verir ki, mütəxəssislər təqdim edilən bu versiyada bir neçə dəyişikliyin olduğunu bildiriblər.

Onların sözlərinə görə, ən əvvəl vizual fərq - robotun qızılı rəngdə korpusudur ki, bu da onun dizaynına tamamilə fərqli bir görünüş verir. Ən mühüm yenilik isə robotun əllərindədir. Əvvəlki modellərlə müqayisədə daha incə işlənmiş əllər "Optimus" robotunun ən əsas funksional elementlərindən biri hesab olunur.

Maskın planına görə, yeni robot həm zərif, həm də mürəkkəb işləri yerinə yetirməyi bacarmalıdır. Yeni "Optimus" iynənin gözündən sap keçirmək, eləcə də pianoda ifa etmək kimi çox dəqiqlik tələb edən bu cür tapşırıqları maneəsiz yerinə yetirməyi bacarmalıdır.

"Tesla" şirkətinin bu texnoloji layihələrlə bağlı hesablamalarına əsasən, çox yaxın illərdə "Optimus" robotlarının istehsalata inteqrasiyası müxtəlif istehsal proseslərinin avtomatlaşdırılmasına da imkan yaradacaq ki, bu da belə bir şirkət üçün çox böyük üstünlüklər deməkdir.

Xatırladaq ki, İlon Mask bundan əvvəl bildirmişdi ki, "Optimus" gələcəkdə "Tesla" şirkətinin bazar dəyərinin təxminən 80 faizini təşkil edəcək və şirkətin inkişafında həlledici rol oynayacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər