Əmək pensiyaları artırılacaq
Tarix: 09-09-2025 18:02 | Bölmə: Slayd
Əmək pensiyaları artırılacaq

Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1 faiz artırılıb. Bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb.

Reyting.az
xatırladır ki, sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Azərbaycan prezidenti İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb.

Azərbaycanda pensiya və sosial müavinət artımları ilə bağlı Metbuat.az-ın sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq:

“Bu, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğundur və artıq növbəti ilin yanvarından etibarən 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlar üçün nəzərdə tutulur. Söhbət 100 min-dən artıq vətəndaşın pensiyasının indeksləşdirilərək artırılmasından gedir. Həm yaşa görə, həm əlilliyə görə, həm də valideyn itirməyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləği gələn ildən etibarən indeksləşdirmə nəticəsində artacaq”.

Millət vəkili qeyd edib ki, sosial qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi Milli Məclisin əsas fəaliyyətlərindən biridir:

“Əmək və sosial siyasət komitəsi tərəfindən müzakirə edilən qanun layihələri və gələcəkdə müzakirəyə çıxarılacaq layihələr birbaşa sosial təminatın və müdafiənin gücləndirilməsinə, həmçinin bu istiqamətdə qanunverici bazanın təkmilləşdirilməsinə xidmət edir. Bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritet olaraq qalır və bununla bağlı mütəmadi təkliflərin təqdimatı və layihələrin müzakirəsi müşahidə olunur. Sözsüz ki, artımların, xüsusən də əməkhaqqı və pensiya artımlarının müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə daxil deyil. Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Milli Məclis bu istiqamətdə qanunvericiliyi formalaşdırır. Minimum pensiya ilə bağlı qanun minimum əmək haqqı ilə əlaqələndirilir”, - deyə Vüqar Bayramov əlavə edib.




Bölməyə aid digər xəbərlər