Tarix: 31-05-2016 12:14 | Bölmə: İdman / Xəbərlər
Bu gün Səbail Rayon Məhkəməsində
jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C.Hüseynova
hökm oxunub. Hökmə əsasən, C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum
edilib(apa).
Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan
məhrum edilməsini istəmişdi. C.Hüseynov və vəkili isə ittihamları qəbul
etməyib, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü
ilə bağlı təqsirləndirilir.
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi
ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət
Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə
Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün
aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun
Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini
bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd
etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə
ayrıca icraata ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim
Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir
Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay,
Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barələrində
olan məhkəmə qərarından apellyasiya şikayəti veriblər. Hazırda Bakı Apellyasiya
Məhkəməsində onların şikayətlərinə baxılır.
C.Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu
bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə
əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu
oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük
əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq,
hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə
araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq
bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və
idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər