"Sirab" və "Slavyanka" niyə bahalaşıb? - "Süni xarakter daşıyır..."
Tarix: 16-05-2024 10:27 | Bölmə: İqtisadiyyat
 "Sirab" və "Slavyanka" niyə bahalaşıb? - "Süni xarakter daşıyır..."

Ölkəmizdə satılan bəzi məhsulların qiymətində müşahidə edilən artım vətəndaşlarda narazılıq yaradıb. Daxili bazarda, xüsusən mineral, suların bahalaşması müzakirə mövzusudur. “Sirab”, “Slavyanka” kimi suların qiymətində 20% artım müşahidə olunur.

İqtisadçı-ekspert Eyyub Kərimli Pravda.az-a açıqlamasında bahalaşmanın səbəblərindən danışıb.

Ekspert bildirib ki, yerli istehsal olan məhsulların qiymətinin artımı süni xarakter daşıyır: “Məsələn, “Sirab” sularının bahalaşmasından danışsaq, burada daha çox süni artımdan söhbət gedə bilər. Plastik qabların qiymətinin qalxması məsələsi tam da reallığı əks etdirmir. Çünki digər suların qiymətində çox da artım yoxdur. Qarşıdan yay mövsümü gəlir və suya tələbat artacaq. Bununla da “Sirab” şirkəti öz gəlirlərini daha da artırmaq istəyir. Digər tərəfdən, loqistika ilə bağlı qiymətlər dəyişə bilməz. Çünki yanacağın qiymətində dəyişiklik yoxdur. Bu baxımdan, hesab edirəm, bahalaşma şirkətin bazardakı monopolist mövqeyi ilə bağlıdır. Xüsusən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər aidiyyəti dövlət strukturları məsələyə nəzarət etməli, araşdırmalıdır. Ümumiyyətlə, bizdə belə hallar müşahidə edilir. Bazarda daha çox inhisarçı mövqedə olan şirkətlər bəzən qiymətləri diktə edirlər. Vahid qiymət siyasəti aparır, rəqabətdən kənarda olduqları üçün bu hallardan sui-istifadə halları həyata keçirilir. Sözsüz ki, həm müvafiq dövlət qurumları həm də ictimaiyyət tərəfindən ciddi nəzarət olmalıdır.”




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər