Arnault dünyada ən zəngin şəxsə çevrilib
Tarix: 06-06-2024 18:35 | Bölmə: İqtisadiyyat
Arnault dünyada ən zəngin şəxsə çevrilib

LVMH şirkətinin səhmləri Avropa ticarətində təxminən 1,5 faiz bahalaşdıqdan sonra fransız milyarder Bernard Arnault amerikalı sahibkar İlon Maskı maliyyə baxımından ötərək dünyanın ən zəngin şəxsinə çevrilib.

Reyting.az
“Forbes”ə istinadla xəbər verir ki, “Arno”-nun hazırkı xalis sərvəti təxminən 210,1 milyard dollar, “Tesla CEO”-nun isə sərvəti 208,6 milyard dollardır.

Nəşrin məlumatına görə, LVMH səhmləri 2024-cü ilin əvvəlindən 5,5 faiz artıb, “Tesla”-nın səhmləri isə bu müddət ərzində demək olar ki, 30 faiz ucuzlaşıb.

Xatırladaq ki, İlon Maska məxsus “Tesla”-nın aprel ayında işçi qüvvəsinin 10 faizini ixtisar edəcəyi barədə məlumat yayılmışdı. Qərarın səbəbi elektromobillərə tələbatın azalması və Çin istehsalçılarının rəqabətinin artması göstərilir.

Qeyd edək ki, B. Arnault Fransanın Rubaix şəhərindəndir. 1988-ci ildən o, yeni yaradılmış LVMH (Moеt Hennessy Louis Vuitton) şirkətinin səhmlərini almağa başlayıb. 1990-cı illərin ortalarında Arnault moda evləri “Givenchy” və “Céline”, saat istehsalçısı “TAG Heuer”, ətir şirkəti “Sephora”, şərab tədarükçüsü “Chateau d'Yquem” və bir sıra digər şirkətləri birləşdirib.

B. Arnault çoxsaylı xeyriyyə fəaliyyəti ilə tanınır, xüsusən də incəsənət qalereyalarına sponsorluq edir, əlillərə dəstək verir, incəsənət və biznesdə yeni istedadlar axtarır. 2019-cu ildə onun fondu Parisdəki yanğından zərər çəkmiş Notr-Dam kilsəsinin bərpası üçün 200 milyon avro ayırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər