Eldar İbrahimov: “Hədəfimiz ərzaq ehtiyaclarımızı 100 faiz yerli məhsul hesabına ödəməkdir”
Tarix: 04-07-2016 17:19 | Bölmə: İqtisadiyyat


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovvə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev iyunun 29-dan iyulun 1-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Krans Montana Forumunun 27-ci sessiyasında iştirak ediblər.

Modern.az saytı Forumun əhəmiyyətini nəzərə alaraq, səfərdən qayıdan deputat Eldar İbrahimovdan müsahibə alıb.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Eldar müəllim, Krans MontanaForumunun 27-ci sessiyasında hansı məsələlərə toxunuldu?
- Öncə onu qeyd edim ki, bu Forumda ilk dəfəydi iştirak edirdim. Beynəlxalq əhəmiyyətli toplantı qloballaşan müasir dünyada ölkələr arasında iqtisadi, siyasi, sosial və dini məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini önə çəkir.

Budəfəki sessiya da istisna olmadı... Forumda bəzi ölkə başçıları, hazırkı və keçmiş baş nazirlər, tanınmış dövlət və ictimai-siyasi xadimlər iştirak edirdilər.

- Bildiyimizə görə, tədbirdə məruzə etmisiniz. Mümkünsə, bu haqda geniş məlumat verərdiniz...
- Bəli, mən "Ərzaq təhlükəsizliyinin təmin edilməsində Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış etdim.Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət başçısı İlham Əliyevin bu məsələyə diqqət və qayğısı nəticəsində həyata keçirilən tədbirlərdən və əldə edilən nailiyyətlərdən,habelə bu istiqamətdə görüləcək mühüm işlərdən ətraflı danışdım.Qeyd etməliyəm ki, Azərbaycana maraq böyük idi və təsadüfi deyil ki, mənim etdiyim məruzə iştirakçılar tərəfindən maraqla dinlənildi. Müzakirələrdə çıxış edənlər bütün dünya dövlətlərində əsas problemlərdən olan ərzaq təhlükəsizliyinin təmin edilməsində ölkəmizin qısa müddət ərzində əldə etdiyi nəticələri yüksək qiymətləndirdilər.

- Ərzaq təhlükəsizliyi ilə bağlı məsələ bütün dünyanın problemidir... Azərbaycanın yeri bu problemlə bağlı hansı sıradadır?
- Məlum olduğu kimi, ərzaq çatışmazlığı bəşəriyyəti bütün tarix boyun izləyib. XIV-XV əsrlərə qədər millyonlarla inşan aclığın qurbanı olub. Yalnız son orta əsrlər dövründə Avropa ölkələrində ərzaq çatışmazlığından asılılıq zəifləməyə başladı.

Lakin XX əsrin əvvəllərindən başlayaraq, aclıq beynəlxalq və qlobal problemə çevrildi. Bununla bağlı, bir çox ölkələrdə sammitlər və iclaslar keçirilirdi. Və nəhayət, 1996-cı ilin noyabrında Romada keçirilən Ümumdünya Sammitində razılaşdırıldı ki, inkişaf etmiş ölkələr ehtiyacı olan ölkələrə ərzaq yardımı etsin.

Roma Sammitinin iştirakçıları həmçinin davamlı inkişafın, yoxsulluqla mübarizənin və ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli hökumətlərin öhdəliyi olduğunu müəyyənləşdirdilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təsnifatı əsasında, keçmiş Sovet İttifaqının bir çox ölkələri kimi, Azərbaycan da ərzaq təminatı baxımından sıxıntı çəkən ölkələrin risk qrupuna daxil edilmişdi.

- Bəs Azərbaycan risk qrupundan çıxmaq üçün hansı addımlar atdı?
- Azərbaycan hökuməti əhalinin rifahını və ölkənin iqtisadi inkişafını yüksəltmək, işsizliyin və yoxsulluğun azaldılması üçün bir sıra tədbirlər həyata keçirdi. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə aqrar sektor qeyri-neft sektorunun prioritet sahəsi elan olundu və məhz onun sayəsində yoxsulluqla mübarizə, regionların inkişafı, əhalinin ərzaq təminatı və s. sahələrdə uğurla icra edilən dövlərt proqramları qəbul edildi. İqtisadi, o cümlədən aqrar sahədə islahatlar sürətləndirildi. Bütün kolxoz və sovxozlar ləğv edilfi, onların mülkiyyəti və torpaqları təmənnasız olaraq kəndlilərə verildi. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi verməkdən azad edildi, hər il onlara subsidiyalar və güzəştli kreditlər verilməklə dövlət dəstəyi təmin olundu. Görülən tədbirlər nəticəsində yoxsulluq və işsizlik səviyyəsi 5% səviyyəsində stabilləşdi, son 10 ildə əmək haqları 4 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 3 dəfə artırılıb.

Bütün bunlar, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunmasını asanlaşdırdı və Azərbaycanın ərzaq təminatına görə riskli ölkələr qrupundan çıxmasına təsir göstərdi.
Hazırda, Azərbaycan yerli istehsal hesabına bir çox məhsullarla özünü 85-110% arasında təmin edir. Ölkəmiz xarici dövlətlərə kartof, tərəvəz, şəkər və s. məhsullar ixrac edir. Lakin ölkənin taxıla, südə və bitki yağlarına olan tələbatının 25-30%-i idxal hesabına ödənilir.

Ölkə əhalisinin bu məhsullara tələbatını tam ödəmək üçün taxıl və süd istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması prosesi gedir. Azərbaycan parlamenti yaxınlarda "Kənd Təsərrüfatı Kooperasiyaları haqqında” Qanun qəbul edərək, aqrar sektorun inkişafı üçün yeni impuls vermiş oldu.

Dövlət fondundan iş adamlarına torpaq və kreditlər ayrılır, onlara lizinq yolu ilə yüksək produktivli mal-qara verilir, xarici ölkələrdən alınmış müasir texnika və texnologiyalar ötürülür.

- Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı hədəfi nədir?
Bizim hədəfimiz yaxın illər ərzində ərzaq ehtiyaclarımızı 100% yerli məhsul hesabına ödəməkdən ibarətdir. Bunun üçün yerli istehsalın çiçəklənməsi və idxal məhsullarını əvəzləyəcək məhsullarla bağlı yeni obyektlərin istifadəsi nəzərdə tutulub.

Hazırda, xarici ölkələrdən gətirilən inqredientlərin yerli məhsulların istifadəsində azaldılması üçün də tədbirlər görülür. İldən-ilə kənd təsərrüfatı məhsullarının ixracı artır və Azərbaycan ekoloji təmiz məhsulların istehsalı üçün böyük potensial qazanır. Respublikamız aqrar sektorda qarşılıqlı əməkdaşlığa hazırdır.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər