Hökumətin qərarı ölkədə növbəti bahalaşmaya səbəb olacaq – Səbəb
Tarix: 03-10-2016 12:45 | Bölmə: İqtisadiyyat


Azərbaycana gətirilən bəzi mallar üçün gömrük rüsumlarının artırılması ilk növbədə yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq.

Reyting.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyev bildirib ki, onsuz da hamımız Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və qida məhsullarına üstünlük veririk: "Sadəcə, onlar hazırda ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, ölkə dondurulmuş xarici məhsullara görə valyuta ödəməlidir".

Qeyd edək ki, Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.

Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il qüvvədədir.

Daha öncə bu məhsullara gömrük dəyərinin 15% faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Məsələni şərh edən iqtisadçı-ekspert Vahid Məhərrəmov deyib (Azadliqradiosu.az)

ki, bununla da ölkəyə yeni bahalaşma gələcək:

– Təəssüf ki, ölkədə istehsal azalır. Bu da bahalaşmaya gətirən bir başqa amildir. İstehsalın azalması, öz növbəsində, idxal məhsullarının artmasını şərtləndirir. İndi idxal məhsullarına tətbiq olunacaq bu rüsumlar qiyməti bahalaşdıracaq. Biz özümüzün ətə, yumurtaya tələbatımızı tam ödəyə bilmirik. Ətə tələbatın yalnız 38 faizini daxili istehsal hesabına ödəyirik. Adambaşına 84 kiloqram norma olduğu halda, yalnız 34-35 kiloqram təmin edə bilirik. Digər ölkələrdə adambaşına 25-30 kiloqram quş əti istehsal və istehlak olunur. Azərbaycanda bu göstərici 9-10 kiloqram arasındadır.

Bizdə yumurta istehlakı da aşağı səviyyədədir, normanın təxminən 50 faizini istehlak edirik. Ölkədə bu məhsulların qiymətinin yüksək olması həm də onunla bağlıdır ki, tələbat qədər təklif yoxdur. Bu halda məhsul qıtlığı olanda, qiymət yüksəlir. İndiki halda yeni rüsumların tətbiqi ölkəyə idxal olunan məhsulun qiymətini artıracaq. Yetərincə məhsul istehsal olunmadığından daha bahasını əldə edəcəyik. Bu, düzgün siyasət deyil. Hökumət rəqabət mühiti yaradıb daxili istehsalı stimullaşdırsın, kreditlər, subsidiyalar versin. Düşünürəm ki, bu addım daxildə bu işlə məşğul olan oliqarxlara daha geniş imkan yaradacaq. Çünki bu gün quş əti, yumurta istehsalı müəyyən adamların əlindədir. Bu da onlara az istehsal edib, daha çox qazanmaq imkanı verəcək.

– Onda bir aydan sonra qiymətlərin yenidən bahalaşması ilə qarşılaşacağıq?

– Artıq bahalıq baş verir. Kənd təsərrüfatı məhsullarını, ərzağın bahalaşmasını, az qala, hər həftə müşahidə edirik. Bu məhsulların istehsalı baha başa gəlir. Özəlliklə, quş əti və yumurtanın istehsal vasitələri, avadanlıqlar, yem, genetik məhsullar xaricdən gətirilir. İki il müddət qoyublar. Ancaq iki il ərzində bu sahədə irəliləyiş əldə olunacağını düşünmürəm. Onsuz da əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Onu da nəzərə almaq lazımdır ki, indi yumurta istehsalı mövsümü deyil. Yumurta istehsalı mayda artır. İndi isə azalmağa doğru gedir. Hökumət yəqin deyəcək ki, bu yolla daxili istehsalı artırmaq istəyirlər. Ancaq bu yolla mümkün deyil. Əgər ölkədə əsaslı şəkildə bu məhsulların istehsalı ilə məşğul olunarsa, nəsə əldə etmək olar. Buna da 2-3 il yox, uzun müddət gərəkdir.

Son zamanlar ölkəyə idxal olunan meyvə-tərəvəzin də həcmi atıb. Bu da həmin sahədə problemlərin olmasından xəbər verir.

– Dediniz ki, bahalaşma qaçılmazdır. Onda nə qədər bahalaşma gözlənilir?

– Əgər bir kiloqrama əlavə təxminən 1 dollar xərc çəkiləcəksə, ölkəyə gətirilən quş ətinin qiyməti iki dəfə artacaq. Yumurtanın qiymətində isə 2 dəfə artım olacaq. Digər məhsullarda 20 faizdən 100 faizədək bahalaşma gözlənilir. Bu, çox ciddi məsələdir. İndiyə qədər belə hal olmamışdı. Bilirdik ki, idxalda 15 faizə qədər standart gömrük idxal rüsumu tətbiq edilirdi. Bundan başqa xərclər olsa da, bütün bunlar hamısı birlikdə daha ucuz məhsul idxalına imkan yaradırdı. İndiki halda isə bu mümkün olmayacaq. Qiymət artacaq. Düşünürəm ki, hökumət bu rüsumların tətbiqiylə büdcəyə daha çox vəsait cəlb etmək məqsədi güdür.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər