Deputat: “Mehri dəhlizi Azərbaycanın iqtisadi inkişafına müsbət təsir edəcək”
Tarix: 12-01-2021 16:10 | Bölmə: İqtisadiyyat
Deputat: “Mehri dəhlizi Azərbaycanın iqtisadi inkişafına müsbət təsir edəcək”

Yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında keçirilən üçtərəfli görüşün nəticəsi ölkəmiz üçün geoiqtisadi əhəmiyyət daşıyır.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin üzvü, tanınmış iqtisadçı Vüqar Bayramlı bildirib.

Vüqar Bayramlının fikrincə, bu görüş Mehri dəhlizindən Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək.

V. Bayramlı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Ölkəmiz həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi verir: “Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.

Deputat qeyd edib ki, dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir və bu, qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. “Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyəti artacaq. Gözlənilir ki, bu dəhliz Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək”, - V. Bayramlı əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər