21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Energetika Nazirliyində İctimai Şura yaradılır
Tarix: 01-03-2021 16:18 | Bölmə: İqtisadiyyat
Energetika Nazirliyində İctimai Şura yaradılır

Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai Şuraya namizədlərin qeydiyyat müddəti başa çatıb və seçkilərin vaxtı təyin edilib.

Energetika Nazirliyindən Reyting.az-a bildirilib ki, İctimai Şuraya seçkilər martın 18-də saat 11:00-da Energetika Nazirliyinin iclas zalında birgə yığıncaq şəklində keçiriləcək.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından 8 mart tarixinədək öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları – adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələrini ehtiva edən cədvəli, həmçinin şəxsiyyət və üzvlük vəsiqələrinin surətini [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur.

İctimai Şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcəkdir. Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai Şuranın tərkibinə seçilmiş hesab olunurlar.

Məlumat üçün bildirək ki, Energetika Nazirliyi yanında İctimai Şura üzvlüyünə 10 nəfərin namizədliyi qeydə alınıb. Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi isə 7 nəfər müəyyən edilib.

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.minenergy.gov.az) yerləşdiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər