Manatı qorumaq mümkün olmayacaq – Qubad İbadoğlu
Tarix: 14-03-2016 13:24 | Bölmə: İqtisadiyyat


Tanınmış iqtisadçı Qubad İbadoğlu Azərbaycan manatı və onun hazırkı vəziyyəti ilə bağlı yeni açıqlama verib.

Reyting.az-ın məlumatına görə, Q.İbadoğlu Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) bu il dövlət büdcəsinə manatla öhdəliklərinin artırdığını deyib:

"Bu transfer artırıldıqdan sonra digər xərcləri ilə birlikdə 8 milyarda yaxınlaşıb. Belə olan halda ARDNF ay ərzində valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək. Çünki 2016-cı il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri 1 ay ərzindən 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır”.

Q.İbadoğlu bildirib ki, ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar təşkil edib:

"Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə isə cəmi idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, yenə də bu il üçün idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə cari ildə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq".

İqtisadçının sözlərinə görə, hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır:

"Bundan əlavə, xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya olan orta aylıq tələbat ən azı 1 milyard dollar təşkil edəcək ki, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun da üçdə biri Dövlət Neft Fondu hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır.

Mərkəzi Bankla yanaşı, bu yöndə olan xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində olsa da, hazırda ARDNŞ-in özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılamaq sahəsində çətinlikləri mövcuddur. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Ona görə də "manatın başı üzərində qara buludlar" qalmaqdadır və onun sabitləşməsi ilə bağlı son bəyanatar siyası məqsədlərə xidmət edir. İqtisadi gerçəklik isə narahatlıq üçün ciddi əsaslar yaradır".





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər