Tarix: 17-10-2016 13:55 | Bölmə: Əli ƏLİYEV
(Əli Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri, ATU-nun Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədi)
Tale belə gətirib ki, həyatımın son 33 ili Azərbaycan Tibb Universiteti (ATU) ilə bağlı olub. Əvvəl tələbə, sonra baş laborant və dissertant, 1995-ci ildən isə assistent olaraq bu mühüm tədris ocağının daxilində yaşamağa davam edirəm.
Elə siyasi fəaliyyətimə də ATU-dakı mühit həlledici təsir göstərib. Bir sözlə, bu gün malik olduqlarımın əhəmiyyətli hissəsi Tibb Universiteti, onun kollektivi və xüsusən də əmək fəaliyyətinə başladığım, bu günə qədər çalışdığım Bioloji kimya kafedrasının professor-müəllim heyətindən əxz etdiklərimdir.
Universitet, qeyd etdiyim kimi iş yeri olaraq baxdığım, gəlir mənbəyi qismində yanaşdığım bir yer deyil, mənim üçün daha böyük mənəvi yük daşıyan məkan, ocaqdır. Burada baş verənlərə biganə qala bilmərəm.
Mətləbə keçməzdən əvvəl onu da vurğulamalıyam ki, əmək fəaliyyətimin böyük hissəsi YAP idarəçiliyi dövründə keçdiyindən, siyasi qərarla posta əyləşdirilən rektorlardan heç nə xahiş etməmişəm, heç nə ummamışam. Bu gün də o mövqedəyəm. Mənim karyeram Universitetlə deyil, siyasətlə bağlıdır. Ona görə də hansı rektorun tabeliyində işləməyim mənim üçün önəmli deyil. Bu tabelik rəmzi xarakter daşıyır. Çünki rəhbərlikdən nə karyera istəyim, nə də dolanışıq gözləntim olmayıb, olmayacaq da. Belə sərbəstlik indi ifadə edəcəklərimin daha rahat izharına zəmin yaradır. Deyəcəklərimdə də başqa mətləb axtarılmamasını rica edirəm. Çünki artıq ifadə etdiyim kimi, mənim Universitet rəhbərliyindən heç bir mənəvi, maddi, administrativ asılılığım yoxdur. Tabeliyimin rəmzi xarakter daşıdığını ona görə bildirdim ki, mənim siyasi müstəvidə malik olduğum ictimai-siyasi status, istənilən rektor və ya digər təyinatlı inzibatçılıqdan yüksəkdir. Yazını isə məni yazmağa vadar edən geniş bir kollektivin üzvü, siyasətçi və vətəndaş olmağımdır.
Bu ilin aprel ayında ATU-ya yeni rektor, Universitetin Psixiatriya kafedrasının müdiri vəzifəsində çalışan, Respublikanın Baş psixiatrı, elmlər doktoru, professor Gəray Gəraybəyli təyin edilib. Vəzifəyə təyin edildiyi gündən müxtəlif mətbu orqanlarda onun özü və atdığı addımlar barəsində yalan, iftira, böhtan xarakterli yazılar işıq üzü görməyə başlayıb. Qəribəsi odur ki, nəzərdə tutduğum yazılar həqiqətdən uzaq olmaqla yanaşı, həm də anonim şəkildə publikasiya etdirilir. Kommunist dövrünün ruhuna uyğun tərtib edilən bu cızmaqaralar, müxtəlif aspektlərdə yazılır. Universitetin uzun illərdən qalanmış problemlərinin fəaliyyət dövrü 6 ayı əhatə edən yeni menecerin çiyninə "yüklənilməsinə" cəhd göstərilir.
"İrad"ların ilki, professor Gəraybəylinin kadr islahatlarıdır. Fəaliyyətə başladığı birinci ayda, onun kadr islahatlarını hədəfə alan yazı (saytlarda) işıq üzü görüb. Yeni rektorun işə başlamaq üçün həmfikirlərindən ibarət komandasını görəv başına gətirməsi, yazıda bəsit şəkildə hədəfə alınır. Rektorun təbii sayılmalı yeni heyətlə işləmək istəyində hansı kriminal məqam var? Dünyanın harasında bu seçimi "atəşə" tutardılar? Hansı birimiz tanımadığımız, işçi keyfiyyətlərinə bələd olmadığımız komanda ilə birgə çalışarıq? Hansı cərrah etibar etmədiyi birini yanında assistent olaraq əməliyyat otağına aparar?
Əminəm ki, həmin yazını yazıb-yazdıran da YAP-çıdır. Məgər mərhum Heydər Əliyev hakimiyyətə gəldikdə, bütün sahələrə öz kadrlarını yerləşdirmədimi? Elə etməsə idi, işləyə bilərdimi? Belə çıxır ki, siz siyasi rəhbərinizin yolundan sapmısınız, bəlkə də heç vaxt o yolda olmamısınız, sadəcə onun kölgəsində ölkəni sümürməyə vərdiş etmisiniz. İndi "yem" əlinizdən çıxdığından, "anonimşik"liyə başlamısınız. İstənilən rəhbərin etibar etdiyi kadrları vəzifələrə gətirməsi, onun doğal haqqıdır. Həmin şəxsə işləmək haqqı tanınmalıdır. Kadrlar vəzifələrini icra edə bilmədikdə, onlara və ya onları təyin edənə söz deyilə bilər.
ATU rektoru Gəraybəylini hədəfə alan digər silsilə yazılar Universitetin tabeliyində olan, təsərrüfat hesablı klinikalar barədədir. Yazı müəllifləri keçmiş rektor, professor Əhliman Əmiraslanovun da "bostanına daş atmaq"dan qalmırlar. Bu barədə yazıların birində, onun rəhbəri olduğu Onkoloji Klinikada xəstələrdən yüksək məbləğdə pul yığıldığını iddia edirlər. Mən bu detal barədə bir söz deyə bilmərəm. Lakin əminəm ki, yazı müəlliflərinin vaxtilə köhnə rektoru görən zaman yerə qədər təzim etdikləri, "quyruq buladıqları" dəqiqdir.
Müəllifi olduğum sətirlərin məsuliyyətini dərk edərək, klinikalarda hal-hazırda vəziyyətin necə olması ilə xüsusi maraqlanmışam. Aldığım dəqiq məlumata görə, Gəraybəyli bu günə qədər mövcud başıpozuqluğun aradan qaldırılmasına, maliyyə dövriyyəsində şəffaflığın bərqərar olmasına, personalın dəqiqləşdirilməsinə və rəsmiləşdirilməsinə çalışır. Hələ də sona qədər buna nail olunmayıb. Amma inanıram ki, yeni rektor usanmasa, bunu edəcək.
Həmin yazıların birində, 2 ayı məzuniyyət dövrünə təsadüf edən 6 aylıq fəaliyyətə maliyyə-təsərrüfat baxımından "qiymət" verilir. Hiss olunur ki, anonim müəlliflər nədənsə universitetin gəlirli nöqtələrini yaxşı bilirlər. Mən də daxil olmaqla, bu işin içində olmayan şəxsin belə "intim" maliyyə axınlarından xəbər tutması mümkünsüzdür. Görünür, "müəlliflər" yaxın keçmişdə belə cərəyanlardan o qədər də uzaq olmayıblar. Belə məhrəm maliyyə analizi, yalnız işin "doğma"larından sıza bilər. Aydın görünən odur ki, kimlərsə daha maliyyə dövriyyəsindən yararlana bilməyəcəyindən bərk qeyzlənib. Həmin sahəyə təyinat almış, kifayət qədər təcrübə və bacarığa malik kadrlar müxtəlif epitetlərlə, 37-ci illərin ruhunda damğalanır, sanki mübhəm müəlliflərdən başqa kim olsa, Tibb Universiteti çökəcəkmiş təəssüratı yaratmağa çalışırlar.
Gizli dələduzlar başqa bir sahəyə də etirazlarını gizlətmirlər. Bu dəfə nişangahda elmi sahədir. O posta yeni təyinat almış kifayət qədər savadlı, bacarıqlı mütəxəssis kimi özünü təsdiq etmiş, uzun müddət ərzində bir sıra administrativ əngəllərə görə doktorluq işinin müdafiəsinə süni maneələr yaradılmış yeni prorektor Rauf Bəylərovdur. Namizədlik dissertasiyasını Moskvada müdafiə etmiş Bəylərovun, doktorluq işinin biokimyəvi epizodları olduğuna görə kafedramızda dəfələrlə onun dissertasiyasının nüansları müzakirə edildiyindən, şəxsi səviyyədə bu məsələdən agaham. Ona yönəlik yazılarda bildirilən iradlar yersiz və subyektivdir. Doktor Bəylərovu tanıyan hər bir tərəfsiz kəs bilir ki, elm sahəsinin Universitetdə ona həvalə edilməsi, rektor Gəraybəylinin növbəti düzgün addımıdır.
ATU-da baş verən rektor dəyişikliyindən sonra meydana çıxmış bu "anonimkalar"a daxili əməkdaş münasibətimdən savayı, problemə vətəndaş və siyasi baxımdan münasibətimi bildirmək istərdim. Mən Universitetimizi ideallaşdırmaq, idarəçiliyi keçmiş və indiki dövrlərə bölmək istəməzdim. Sadəcə olaraq edə bilmərəm və düzgün başa düşülmərəm. Universitetdə kifayət qədər problem mövcuddur. Əlbəttə ki, köklü problemlərin heç biri rektor Gəraybəylinin vaxtında yaranmayıb. Lakin bu problemlərin kök salmasında onun da məsuliyyət payı olmamış deyil. Son 20 ildə yaranmış əyintilərdə o vaxtkı digər kafedra müdirləri kimi, kafedra müdiri və Böyük Elmi Şuranın üzvü professor Gəraybəylinin də payı var. Əlbəttə ki, hökm sürən inzibati-amirlik mühüti müəssisədə digər məsul şəxslərin məsuliyyət çevrəsini bir qədər daraldır. Lakin bütövlükdə hökm sürən susqun şərait, bu gün bizim də tədris ocağında mövcud çatışmazlıqların nədənidir.
Subyektiv görünməmək üçün bir faktı nəzərə çatdırmaq istərdim. Bu ilin yaz mövsümündə Rezidentura şöbəsinə qəbul imtahanları keçirilib. 500 vakant yerə ərizə vermiş 1295 nəfər, əsasən fərqlənmə diplomlu iddiaçılardan ibarət heyətdən təqribən 850 nəfəri imtahanın birinci pilləsindəcə "kəsilib". Bu biabırçılığı ağartmasalar da, müvafiq instansiyalar vəziyyətdən halidirlər. Gəraybəyli belə mirasa sahibdir, bəylər!
Belə faktları çox sıralaya bilərəm. Tendensiyalı görünməmək üçün bunu etmirəm. Bir də, əvvəldə dedim axı, bu qüsurlara görə sıravi müəllimdən tutmuş keçmiş rəhbərliyə qədər hamı suçludur.
Bu gün gördüyüm nədir? YAP-ın Universitetə təyin etdiyi kadr, müəssisədə mövcud qüsurları bir-bir həll etməyə girişib. Ən birinci şüarı - "Hər şey Qanun çərçivəsində olmalıdır". Tərəfindən səsləndirilən digər direktiv - "Kadr məsələsində rüşvət olmayacaq"dır.
Növbəti diqqət yetirdiyi mühüm məsələ nizam-intizamdır. Baş vurduğu digər vacib sahə tədrisin gücləndirilməsi, həkim hazırlığına diqqət yetirilməsidir. Aradan qaldırmaq istədiyi problemlərdən ümdəsi, Universitetin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq yaratmaq təşəbbüsüdür. Və sair və sair...
Siyasi təcrübəm imkan verir ki, rektor Gəraybəylinin şüarçılıqla, yoxsa işlə məşğul olduğunu fərq edə bilim. Hələlik yeni administratorun nə isə etməyə çalışdığının şahidiyəm. Əksi olsa idi, heç vaxt bu yazını yazmazdım.
İndi maraqlı hissəyə yaxınlaşır və siyasi niyyətimi gizlətmək istəmirəm. Məsələyə nominal yanaşılarsa, müxalifət partiyası sədrinin YAP kadrını müdafiə etməsi sual doğura bilər. Səbəbini açıqlamağa çalışacağam. İlk növbədə bu addımı atmağımın səbəbi, YAP-çılardan fərqlənməyimdir. Universitet daxilində olan çoxsaylı YAP-çıların əksəriyyətinin konyuktur düşüncəli, yanlış formatlaşmış və cəsarətsiz olduqlarını bildiyimdən, normal müəssisə rəhbərini müdafiə etməyi öz vətəndaşlıq və siyasi borcum bildim. Baxmayaraq ki, Gəraybəylinin gəldiyi müddət ərzində gördüyü bütün işlər ictimai maraqlar üçündür, gizlində fəaliyyətə üstünlük verən bir ovuc müxənnətin hədəfində olmasına rəğmən, hamı susur. Onun gördüyü işlərin hamısı, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir. Belə vəziyyətdən narahat olanlar isə, yalnız dələduzlar ola bilər. Bu yerdə partiyalılıq ikinci plana keçir. Bizə ölkədə ədalətli sistem lazımdır. Müxalifət partiyasına rəhbərlik etməyimə baxmayaraq, hətta ümumi iş üçün YAP-çını belə müdafiə etməyə hazıram, yetər ki, dürüst adam olsun.
Ara-sıra Universitetin dəhlizlərində bəzi nadanların qeyri-leqal şəkildə toplanaraq, "Universitet bizimdir, heç kəsə vermərik",- məzmunlu toplantı keçirmələri barədə məlumatlar dolaşır. Bu "əks-inqlabçılar"ın adları da bəllidir. Sadəcə, şərəfləndirmək istəmirəm. Adam kişi kimi, açıq mübarizə aparar. Dəhliz xalçasının altında aparılan iş heç kəsə şərəf və başucalığı gətirməz. Universitet Azərbaycan xalqınındır, heç yalandan biletini gəzdirdiyiniz YAP-ın da deyil.
Universitetin professor-müəllim heyətini müəssisəmiz üçün faydalı işlər görməyə çalışan, onu ətalətdən çıxarmağa baş vurmuş rektor Gəraybəyliyə kömək etməyə, arxa durmağa, tək buraxmamağa çağırıram. Onu belə yırtıcı niyyətli, inkoqnito danışmağa üstünlük verən şər qüvvələrlə üz-üzə qoysaq, gücü çatmayacaq. Bu isə yenidən əsasən küt, lakin diplomlu həkimlər ordusunun davamsız çoxalmasına səbəb olacaq. İnanıram ki, Universitetimizin əsl ziyalı və müdrik kəsimi bu güruhu durdurmağa nail ola biləcək.
Mən də ümid edirəm ki, bir daha prosesə müxalifətin bu şəkildə müdaxiləsinə ehtiyac və lüzum yaranmayacaq. Əgər hücumlar davam etsə, mən növbəti dəfə daha konkret şəkildə kimlərin, hansı məqsədlə belə çirkabla çuğlaşdığını yazacağam.
Sonda arzu edirəm ki, babası Ağasadıq Gəraybəylinin Azərbaycan kinomatoqrafiyası və səhnəsi üçün etdiklərini, buraxdığı dərin xoş yaddaşı, nəvəsi Gəray Gəraybəyli ATU-nun tarixinə həkk etsin. Əgər başladığı işi davamlı olaraq sürdürəcəksə, bu müqəddəs işdə ona tərəfimdən bütün dəstəyi göstərəcəyəm.
Bölməyə aid digər xəbərlər