20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ürəkbulanma - Elnur Astanbəyli yazır
Tarix: 08-12-2018 16:58 | Bölmə: Elnur ASTANBƏYLİ
Ürəkbulanma
("Danüzü uçuşları" silsiləsindən...)

Bu yazını küləkli, yağışlı soyuq bir payız səhəri yazıram.

Həm də uzun, upuzun aradan sonra.

Çoxdandır yazmırdım...

Klaviaturanı asta-asta döyəcləməyə başlayandan mənə elə gəlir ki, yazmağı yadırğamışam. Dedim axı, yazmayalı xeyli vaxtdır. Axırıncı dəfə ardıcıl şəkildə 2016-cı ilin avqusunadək "Azadlıq" qəzetində yazmışam; ondan bəri uzağı 2-3 dəfə nəsə qaralamışam, ya yox.
Qəribə hissdir yazmağı yadırğadığını hiss etmək. Klaviaturada hərflərin yerini unutmusan sanki. Ya da qələmi tutmağı.

Osa bu müddətdə saysız-hesabsız bədii, elmi, ya da publisistik mətn redaktələri eləmişəm, məntqilə nə klaviatura yad gəlməlidi barmaqlarıma, nə də qələm.

Qəribə hissdir yazmağı yadırğadığını düşünmək. Özünü dərin, dibsiz bir boşluqda, hüdudsuz bozluqda hiss edirsən sanki. Ətrafda işıqlı, rəngli, ətirli heç nə yoxdur. Sözlərə sarılırsan, sözlərdən yapışırsan xilas olmaq üçün. Ancaq onlar səndən qaçır. Hərflərin klaviaturadakı yerini deyil, hərflərin özünü də unutmusan sanki. Az qalır açıb balacaların "Əlifba" kitabına baxasan: hə, bax "A" bu imiş. Bu "B". Bu da "C"-dir... Beləcə, hərfləri xatırlamağa başlayırsan.

Qəribə hissdir yazmağa yadırğamaq. Ən azından yadırğadığını düşünmək. Bir az da yaşamağı yadırğamağa oxşayır: heç nə səni həyəcanlandırmır. Heç nə səni qanadlandırmır, havalandırmır. Heç nə səni isitmir. Heç nə səni ümidləndirmir. Heç nə səni heyrətləndirmir.

Hər gün bir əcaib xəbərə oyanırıq. "Qulaq gündə bir söz eşitməsə, kar olar" misalı, hər gün bir qəraib hadisənin sorağını alırıq.

Əcaib-qəraib deyirəm, amma heç birinə təəccüblənmirəm. Heç birindən gözlərim kəlləmə çıxmır. Heç birinə ağzım açılı qalmır. Heç birinə "bu qədər də olmaz!”,- deyə bilmirəm. Heç birinə...

Heyrətim ölüb!

Məni yaşadığımız (süründüyümüz!) bu məmləkətdə heyrətləndirəcək nəyinsə baş verməsi çox çətindir artıq.

Mən indi ancaq ürəkbulanma hiss edirəm. Ölkəni başına götürən çürümüşlükdən (əxlaqi, mənəvi çürümüşlükdən!), bu çürümüşlüyün kəsif qoxusundan, kəsafətli iyindən doğan bir ürəkbulanma!

II.

Heç vaxt yazıya sehirli bir şey kimi baxmamışam.

Yazını ilahiləşdirmək, müqəddəsləşdirmək, tabulaşdırmaq istəməmişəm.

Belə fikirləşənlərdən, düşünənlərdən də xoşlanmamışam.
Axı yazı da bizim özümüzü çoxsaylı ifadə vasitələrimizdən olsa-olsa, sadəcə biridir. Danışmaq kimi. Susmaq kimi. Oxumaq kimi. Ağlamaq, gülmək kimi. Bağırmaq kimi. Qaş-gözümüzü oynatmaq kimi. Əllimizi yelləmək, dodağımızı büzmək, çiynimizi çəkmək kimi.

Amma həmişə düşünmüşəm ki, yazı bir az da təəccübdən, heyrətdən yaranır. Nəyəsə, kiməsə təəccüblənirsən, heyrətlənirsən və o təəccübü, o heyrəti bölüşmək ehtiyacı duyursan. Bilirsən ki, nə susaraq, nə danışaraq bu heyrəti, bu təəccübü ifadə edə bilərsən, nə əlini yelləyərək, dodağını büzərək, qaşını çataraq.

Heyrət, təəccüb dediklərimizin içində isə yaşadığımız (süründüyümüz!) ölkənin gerçəklərinə qarşı növbənöv, cürbəcür reaksiyalar gizlənir: üzüntü, kədər, qəzəb, təəssüf...

Və indi bu sətirləri klaviaturada asta-asta döyəcləyərkən fikirləşirəm: mən yazmağı yadırğamağa onda başlamadım (ya da mənə elə gəlir! - əslində heç bir fərqi yoxdur...) ki, illər uzunu ardıcıl yazdığım qəzet bağlandı. Yox!

Sadəcə, təəccübüm, heyrətim yavaş-yavaş öldü. Yaşadığımız (süründüyümüz!) bu ölkədə artıq təəccüblənə, heyrətlənə biləcəyim heç nə qalmadı. İndi heç bir qızıl-qırmız yalan, heç bir əttökən yaltaqlıq, ictimai-siyasi motivli heç bir iyrənc şərləmə, heç bir hüquqsuzluq, haqsızlıq mənə "bu qədər də olmaz!",- dedirdə bilmək gücündə deyil.

Əlimi yelləyərəm, çiynimi çəkərəm, başımı bulayaram, qaşımı çataram, ancaq heyrətlənmək, təəccüblənmək əsla!

Heyrət, təəccüb yoxdursa, yazı da yoxdur.

Bir xalq olaraq, başımıza gələnləri-gətirilənləri ifadə etməkdə sözlər acizdirsə, sözlər gücsüzdürsə, artıq heyrətin ölüb, sözün də bitdiyi yerə gəlib çıxmışıqsa, yazını yadırğamaqdan normal, hərfləri "Əlifba" kitabına baxıb xatırlamaqdan təbii nə ola bilər?!

III.

Yazının bu yerində siqaret çəkmək üçün çölə çıxıram.

Küləkli, yağışlı, soyuq bir payız səhəridir.

Göyün üzündən zəhrimar yağır.

Və göyün üzü indi bizim küçədə addımbaşı qarşımıza çıxan adamlara necə də bənzəyir!

O adamlara ki, payız, qış, yaz, yay fərq eləmir, ilin ilboyu bax beləcə, - indi göy üzü kimi! - qaş-qabaqları sallanır, üz-gözündən zəhrimar tökülür.

Gözlərinə baxırsan - kədər görürsən.

Çöhrələrinə baxırsan - bezginlik, üzgünlük görürsən.

Sənə elə gəlir bu sifətlərə bircə dəfə də günəş işığı düşməyib. Bu dodaqlara bircə dəfə də gülüş qonmayıb. Bu gözlər bircə dəfə də sevincdən parlamayıb.

Addımlara baxırsan - ləng, yorğun, nizamsız. Ayaqlar sanki ağır bir yükün şələləndiyi çiyinləri daşıyırlar. "Sanki" deyirəm, əslində isə həqiqətən adamların çiynində dəhşətli dərəcədə ağır bir yük var, düzdür, adi gözlə görünmürlər. Ancaq qəlbimizdə hamımız həmin yükün nə olduğundan xəbərdarıq. Qayğılar yorub adamları. Səfalət yorub. Bir qarın çörək uğrunda ölüm-dirim savaşları bezdirib onları. Ədalətsizlikdən cana doyublar. Həyata küsüblər. İşıqlı, gələcəyə dair heç bir ümidləri qalmayıb.
Bir yandan da qorxu mühiti. Danışa bilmirlər. Hayqıra bilmirlər. Etiraz edə bilmirlər. Ürəklərini boşalda, çiyinlərindəki ağır yükü heç olmasa, bu yolla yüngülləşdirə bilmirlər. Bunun onlara baha başa gələcəyinin fərqindədirlər.

Odur ki, yaşadığımız (süründüyümüz!) ölkənin insanları iki yola baş vururlar: intiharlara və şiddətə (zorakılığa).

İnformasiya portallarında hər gün, üstəlik, hər gün az qala 3-4 dəfə qarşımıza çıxan özünəqəsd və amansız qətl xəbərlərinin sirri daha çox burda gizlənib: adamlar daxili qəzəbini, hirsini-hikkəsini bir-birinin üstünə tökməkdən başqa çarə görmürlər. Bu altı da, üstü də təbiətin lütfü olan var-yatırla zəngin torpaqlarda səfil həyat sürməyin yolu acığını ya özlərindən, ya da özləri kimi çarəsiz özgələrdən çıxırlar. Ya özlərini, ya da özləri kimi sistem qurbanı olan özgələri cəzalandırırlar.

Səbəbkarlar isə öz işində, öz kefindədir. Onlar heç nə olmamış kimi, heç nə baş verməmiş kimi, məmləkəti ağuşuna alan intihar və şiddət (zorakılıq) dalğasının onlara heç bir dəxli, isti-soyuğu yoxmuş kimi lüks həyatlarına, komfortlarına, amansız karyera davalarına, kapital mübarizələrinə davam edirlər.

Bu elə bir davadır, elə bir mübarizədir ki, heç bir mənəvi dəyər tanımır.

Biz yaşadığımız (süründüyümüz!) ölkəyə neft pullarının sel kimi axıb gəlməsini sevinclə gözləyirdik; neft pulları isə həqiqətən məmləkətə sel kimi axıb gəldi. Gəldi və mənəvi dəyəri olan hər şeyi... yuyub apardı!

Bax elə ona görə şeyximiz başqa vaxt hərənin bir tərəfdən əlinə balta, yaba, dəhrə götürüb asıb-kəsdiyi "əxlaqsız Avropa"nın ortasında, Praqa kimi bir şəhərdə bir neçə mərtəbəli lüks mülkü faş edildikdə çıxıb çox asanlıqla bunu ona Çexiyaya gedərkən namaz qılması üçün imkanlı dostlarının hədiyyə etdiyini söyləyə bilir, adamların ağzını din arqumenti ilə yummağa çalışır.

Bax elə ona görə tikdiyi çoxmərtəbəli binada bir evi bir neçə nəfərə satıb onlarca vətəndaşın başına corab hörən biri belə, cəmiyyətdəki etibarını "Bizim Qarabağ kimi dərdimiz var" cümləsini addımbaşı təkrarlamaqla bərpa etmək fikrinə düşə bilir, adamların ağzını vətənpərvərlik şüarları ilə yummağa çalışır.

Yaşadığımız (süründüyümüz!) bu ölkədə belə əcaibliklər-qəraibliklər həmişə olub. Xudayar bəylər, şeyx nəsrullahlar, ibrahimxəlil kimyagərlər yaxın-uzaq keçmişimizin əsərləridir.

Ancaq dərd orasındadır ki, Azərbaycanda keçmiş keçmir. İndiki və gələcək zamana ötürülür. Beləcə, tarixi çürümə (çürümüşlük!) nəsildən-nəslə davam edir. Həm də hər dəfə daha idbar, iyrənc formada!

Və indi mənə, nəyə görəsə elə gəlir ki, bu torpaqlarda mənəvi aşınma, mənəvi çürümüşlük heç vaxt bu qədər böyük miqyas almayıb, ən əsası isə, heç vaxt indiki kimi adiləşməyib, normaya, var olmaq, sağ qalmaq, daha da qəribəsi - həyatda uğur qazanmaq üçün həlledici meyara çevrilməyib.

Ola bilsin, yanılıram, ancaq vəziyyət bu dərəcədə ağırdır, xarabdır...

IV.

Sözarası:


Mənəvi dəyərlərin aşınması. Mənəviyyatsızlaşma. Mənəvi çürümə. Mənəvi dəyəri olan hər şeyin kapital qarşısında ucuzlaşması.

Bu artıq ümumilikdə çağımızın dəhşətli gerçəkliyidir. Bütövlükdə dünyanın idbar reallığıdır. Son nümunəsi Türkiyədə - İstanbul şəhərində, Səudiyyə Ərəbistanı konsulluğunun binasında vəhşicəsinə, tikə-tikə doğranılıb qətlə yetirilən jurnalist Camal Qaşıqçıya qarşı terrora münasibətdə ortaya çıxdı.

Qətlin arxasında dayandığına qəlbinin dərinliyində kimsənin şübhəsi olmayan Səudiyyə şahzadəsinin əlini bu dəhşətli cinayətin üstündən heç iki ay keçməmiş kimlər sıxdı, kimlər! ABŞ-ından Rusiyasına, Fransasından Almaniyasınacan böyük dövlətlərin ağzından demokratiya, ədalət, hüquq sözcükləri əskik olmayan rəhbərləri...
Bəli, Səudiyyənin nəhəng neft pulları şahzadənin qanlı əllərini yumağa kifayət etmişdi. Elə Qaşıqçının qanını da...

Beləcə, bəşəri vicdan növbəti dəfə zədələndi, ləkələndi.

Deyəsən, bizim şairlərin çox sevdikləri lirik bir sual son illərdə həqiqətən çox aktualdır axı: "Hara gedir bu dünya?"

Doğrudanmı, bu qədər elmi-texnoloji yeniliklərə baxmayaraq, dünyanın üzü yenidən mağarayadır? Doğrudanmı, ibtidaya qayıdırıq?

Doğrudanmı, gödəniyyət mədəniyyətin, maddiyyat (kapital) mənəviyyatın üzərində həlledici qələbəsini elan etməyə hazırlaşır?

V.


Sözarası bitdi. Qayıdaq ölkəmizə.

Əvvəldə yazmışdım axı: hər gün bir əcaib xəbərə oyanırıq. "Qulaq gündə bir söz eşitməsə, kar olar",- misalı, hər gün bir qəraib hadisənin sorağını alırıq.

Lakin yenə də mən məmləkətdə eşitdiyim, gördüyüm heç nəyə təəccüblənə, heyrətlənə bilmirəm. Hətta heyrətlənənlərin heyrətinə heyrətlənirəm. Təəccüblənənlərin təəccübünə təəccüblənirəm.

Doğrudan da, son onilliklərdə nələrin, nələrin şahidi olduq, nəyin heyrətidir axı bu! Axı bu nəyin təəccübdür!

"Bu qədər də ola bilməz!",- deyəcəyimiz nə görmədik, nə eşitmədik ki, hələ də heyrətlənə, təəccüblənə bilirsiniz.

Pis nə baş verə bilərdisə baş verib artıq. Biz indi olsa-olsa, onları fərqli ssenarilərdə, quruluşlarda, fərqli ifalarda təkrar-təkrar izləyirik.

Ya da sadəcə, mənə belə gəlir.

Dedim axı, heyrətim ölüb, təəccübüm ölüb!

Heyrətlənməyi yadırğamışam. Təəccüblənməyi yadırğamışam.

Və əgər indi siz oxuduğunuz bu mətndə bir xaotiklik, başıpozuqluq, cümlələrdə, fikirlərdə bir qarışıqlıq görürsünüzsə, səbəbi budur: heyrət yoxdursa, təəccüb yoxdursa, yazı da yoxdur.

Yazmağı yadırğamışam.

Artıq baş verənlər qarşısında sadəcə, əlimi yelləməyi bacarıram, dodağımı büzməyi, çiyinlərimi çəkməyi, qaşlarımı çatmağı...

Bir də, uzaqbaşı, ürəyim bulanır.
(30 noyabr, 2018-ci il)

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər