“Beynəlxalq qurumlar, böyük dövlətlər işimizə müdaxilə etməsələr...” - Zahid Oruc
Tarix: 19-05-2016 12:18 | Bölmə: Siyasət


Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət rəhbərlərinin vasitəçiliyi ilə reallaşan görüşün gələcək perspektivlərini Milli Məclisin deputatı Zahid Oruc şərh edib:

– Vyana görüşü Azərbaycanın maraqları baxımından çox əhəmiyyətli hadisə idi. Atəşkəsdən keçən 22 il ərzində müxtəlif danışıqlar ayrı-ayrı təşəbbüslərin şahidi olmuşduq. Hər dəfə ümidlərimiz azalmış, əsəblərimiz tarıma çəkilmişdi. Aprel döyüşlərindən sonra Ermənistan tərəfi müxtəlif iddialar, şərtlər irəli sürməyə başlamışdı. Sanki 20 faiz ərazimizin Ermənistan tərəfindən işğalı beynəlxalq hüquqi cinayət deyilmiş, amma aprel döyüşlərində pozulmuş atəşkəsə tutarlı cavab verməyimiz məsuliyyət olaraq bizim üzərimizdə cəmləşibmiş. Ermənistanın günahları dövlətimizin üzərinə yıxmaq cəhdləri, hadisələri dünya ictimaiyyətinə Azərbaycanın avantürası kimi sırımaq istəyi və Azərbaycana qarşı hansısa təzyiqlərin göstərilməsinə cəhd kimi qiymətləndirilməlidir. Vyanada Azərbaycan Prezidenti ilə Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqerininin, həmçinin ABŞ-ın dövlət katibi Con Kerrinin çox yüksək səviyyəli görüşü oldu. Ermənistan bir daha gördü ki, Azərbaycan mövqeyini qətiyyətlə müdafiə edir və dünya ictimaiyyəti, siyasi liderlər Azərbaycanın haqlı mövqeyini dərk edirlər və Ermənistanın əsassız olaraq Azərbaycanı sülh danışıqlarına zərbə vuran tərəf kimi göstərmək istəyi baş tutmadı.

Deputat ikinci məsələ kimi Sarkisyanın ittihamlarla zəngin olan tələblərinin nəzərə alınmamasını qeyd etdi: "Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bu barədə danışdı və bildirdi ki, bizim üçün orada xüsusi öhdəlikləri özündə cəmləşdirən sənədlər qoyulmadı və ya imzalanmadı. Bunların olmaması o anlama gəlir ki, ermənilərin iddia etdiyi ABŞ-ın xüsusi texnologiyasına əsaslanan nəzarətedici qurğuların cəbhəyə gətirilməsi ümumi ATƏT-in faklaşdırıcı qrupu və monitorinq heyəti səviyyəsində qoyulsa da, bütünlüklə bölgə beynəlxalq qüvvələrin nəzarətinə verilmir”.

Deputat üçüncü məqam kimi dördgünlük müharibənin təsirlərinin görüşdə güclü bir şəkildə hiss olunduğunu göstərdi: "Biz belə qiymətləndirmədə ona görə haqlıyıq ki, buna qədərki görüşlərdə Dağlıq Qarabağ problemi heç zaman üç ölkənin xarici işlər nazirlərinin birgə iştirakı ilə müzakirəyə çıxarılmamışdı. Belə olan təqdirdə Azərbaycan həmin əməliyyatlarda ermənilərə vurduğu zərbə ilə Qarabağ məsələsini onillər ərzində beynəlxalq birlik üçün 20-25-ci dərəcəli məsələdən ilk üçlüyə daşıya bildi. Burada başqa bir məqamı ayrıca vurğulamaq lazımdır ki, Con Kerri və Sergey Lavrov arasında son bir ayda yeddi dəfə telefon danışığından sonra Vyanada görüşlərin şahidi olduq. Qarabağda ABŞ-la Rusiyanın hərbi və təhlükəsizlik maraqları toqquşmur. Bu mənada ermənilərin Dağlıq Qarabağ məsələsini xarici maraqların toqquşma predmetinə çevirmək cəhdləri də alınmadı.”

Zahid Oruc S. Sarkisyanın Avropa Birliyindən müşahidəçi istəməsini xüsusi olaraq vurğuladı: "Sarkisyan bu davranışı ilə həm də onu bilavasitə göstərdi ki, Ermənistan Rusiyadan haradasa şikayətçidir və Kremlin bu problemdə birbaşa rəsmi Yerevanın tərəfində durmamasından incik düşüb. Bu, əslində, erməni siyasi rəhbərliyinin çoxdan şahidi olduğumuz xüsusiyyətidir. Onlar indi də özlərinə başqa sahib axtarışına çıxıblar. Lakin bütün bunlara baxmayaraq niyyətindən və məqsədlərindən asılı olmayaraq Azərbaycan buna da hazırdır. Ən azından Avropa Birliyinin müşahidəçilərinin 20 faiz torpaqlarımızın işğal faktını gözləri ilə görməsi üçün bu da bizim üçün bir imkandır. Bu görüşdən çıxan ən böyük nəticə isə odur ki, ordumuzun gücü və aprel döyüşlərində düşmən üzərində qələbəsi diplomatik mövqelərimizi xeyli gücləndirdi: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan vurduğu zərbələr hesabına sadəcə erməniləri təhdid edən mövqe tutmur, həm də ədalətli mövqeyimizi ortaya qoyur. Ermənilərin qalib ədası, qalib mifi bu dəfə sınmış oldu. Sarkisyanın ötən ay döyüşlər gedən zaman verdiyi bəyanatlarından da göründüyü kimi, düşmən qorxu və təlaş içində idi. Sarkisyanın bir neçə generalı işdən azad etməsini, onun öz laxlamış hakimiyyətini xilas cəhdi kimi dəyərləndirməyimiz daha doğru olar."

Zahid Oruc Rusiya xarici işlər nazirinin bəyanatına diqqət çəkərək dedi: "Sergey Lavrov bəyan etdi ki, tərəflər iyun ayı ərzində məhz Rusiyanın irəli sürdüyü təkliflərin son prinsiplərinin razılaşdırılması üçün toplaşacaqlar. Əlbəttə, çox istəyirik ki, bu zaman Rusiya mühüm bir məqamı nəzərə alsın. Rusiya dövlət başçısı Vladimir Putin indi Ermənistan tərəfindən ona görə ittiham olunur ki, aprel döyüşlərində Azərbaycan Ordusunun əməliyyatlarının qarşısında rus əsgəri dayanmadı, rus generalı gəlib Azərbaycanda əməliyyatlara rəhbərlik etmədi, yaxud da Azərbaycan siyasi cəhətdən Rusiya rəhbərliyi tərəfindən qınanılmadı və ya günahlandırılmadı. Lavrovun bəyanatını belə şərh edə bilərik ki, bu gün V.Putinin imkanı var ki, birlik və ədalət naminə münaqişədə haqlı tərəfin istəyinə dəstək versin”.

Milli Məclisin deputatı əlavə etdi ki, Vyana görüşü onu deməyə əsas verir ki, digər həmsədrlər Moskvanın münaqişənin həlli yollarını öz əlində cəmləşdirməsində maraqlı deyillər. Rusiyanın bu münaqişəyə təsir etmək imkanları hərçənd ki digər həmsədrlərdən dəfələrlə yüksəkdir. Belə olan təqdirdə beynəlxalq hüquqlara söykənən həll yolunun tapılmasında Rusiyanın mövqeyi bizim üçün vacibdir. Biz əlbəttə ki, bu danışıqları Azərbaycan cəmiyyətində ümidlə qarşılayırıq. Hesab edirik ki, biz aprelin 5-dən etibarən danışıqların yeni mərhələsinə qədəm qoymuşuq. Azərbaycan tərəfi artıq ermənilər qarşısında daha iddialı danışa bilir, bizim bütün cəmiyyət, dövlət strukturları bu məsələdə Prezidentin yanındadır. Lakin ermənilər haqqında bunu söyləmək mümkün deyil. İstər onların qanunverici orqanında, istər erməni cəmiyyətində, istərsə də işğalçı ölkənin ordusunda Sarkisyan hakimiyyətinin imici ciddi surətdə sarsılmışdır.

Yekun olaraq hesab edirəm ki, Vyanada görüşlər gedən zaman cəbhə xəttində atəşkəsin pozulması onu sübut edir ki, tərəfləri masa arxasına gətirməklə bunu nailiyyət sayırlarsa, düşünməsinlər ki, bu imkanlar limitsizdir. Azərbaycan xalqı da, dünya da gördü ki, ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etmək gücünə malikdir. Sadəcə beynəlxalq qurumlar, böyük dövlətlər işimizə o qədər müdaxilə etməsələr biz bu problemi haqq çərçivəsində həll edərik. Sadəcə Ermənistandan fərqli olaraq dünyanın sülh çağırışlarına əhəmiyyət verməmək kimi qeyri-konstruktiv davranışlarımız yoxdur. Bu baxımdan hələ də sülh prinsiplərinə önəm verdiyimizi göstərməyə çalışırıq.("Xalq qəzeti”)





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}