Məhkəmə Trampın 500 milyon dollardan artıq cəriməsini ləğv edib
Tarix: 22-08-2025 08:39 | Bölmə: Siyasət
Məhkəmə Trampın 500 milyon dollardan artıq cəriməsini ləğv edib

Nyu-York Apellyasiya Məhkəməsi 2024-cü ilin fevral ayında Donald Trampa qarşı dələduzluq işi üzrə kəsilən cəriməni ləğv edib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

ABŞ prezidenti Donald Tramp son məhkəmə qərarını "tam qələbə" adlandırıb. O, sosial şəbəkələrdə yazıb ki, məhkəmə cəsarət nümayiş etdirərək, bu cür qanunsuz, rüsvayedici hökmü rədd edib.

Xatırladaq ki, Tramp 2016-cı ildə ABŞ prezidenti seçilməzdən əvvəl uzun müddət öz daşınmaz əmlakının və digər aktivlərinin dəyərini süni şəkildə şişirtməkdə ittiham olunub. Bu yolla o, kreditorları və sığorta şirkətlərini aldatmaqla, ona məxsus olan "Trump Organization" üçün daha əlverişli şərtlər qazanmağa çalışıb.

Lakin Tramp ittihamları rədd edib. Onun vəkilləri bildiriblər ki, müştərilərə təqdim olunan hesabatlardakı hansısa səhvin əhəmiyyəti olmayıb, çünki heç kimə zərər dəyməyib.

Birinci instansiya məhkəməsi isə Trampı hətta 355 milyon dollar cərimə ödəməyə məcbur etmişdi. Üstünə faizlər də əlavə olunurdu və KİV-in hesablamalarına görə, yekun məbləğ 515 milyon dollardan çox ola bilərdi.

Bununla belə, çox böyük cərimədən azad olmalarına baxmayaraq, Tramp və onun iki böyük oğlu bir neçə il korporasiyalarda rəhbər vəzifə tuta bilməyəcəklər.

2024-cü ilin fevralında çıxarılan qərardan sonra isə ABŞ prezidenti Donald Tramp Nyu-York baş prokuroru Letisiya Ceymsi "cadugər ovunda" ittiham etmişdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər