Tarix: 27-05-2016 11:57 | Bölmə: Siyasət
"Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.
Bu barədə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlama verib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: "Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.
S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: "Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.
S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: "Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.
"Siyasi partiyalar haqqında” Qanuna S.Novruzovun anons etdiyi əlavə və dəyişikliklərə müxalifət partiyaları münasibət bildirilib.
ADP sədri Sərdar Cəlaloğlu heç bir fəaliyyəti olmayan partiyaların ləğvinin tərəfdarı olduğunu bildirdi: "Azərbaycanda adı mövcud olub fəaliyyət göstərməyən partiyalar ləğv olunmalıdır. Azərbaycanda qeydiyyatdan keçmiş 55 partiya var. Əgər bu partiyaların yarıdan çoxu Azərbaycanın heç bir problemi ilə bağlı heç bir mövqe bildirmirsə, heç bir fəaliyyətləri yoxdursa, bəziləri isə yalnız seçkilərdə hakimiyyətin həyata keçirdiyi seçki saxtakarlığında bir dekor kimi iştirak edirsə, bu cür partiyaların mövcudluğuna ehtiyac yoxdur, qeydiyyatları ləğv olunmalıdır. Adı olub özü olmayan, ictimai şüurun formalaşmasında iştirakı olmayan partiyaların ləğv olunmasının tərəfdarıyam.
Maliyyə hesabatları məsələsinə gəlincə, hökumətin dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyənin xərclənməsinin hesabatını tələb etməsinə, hesabatı verməyənləri cəzalandırmasına daha çox mənəvi haqqı var. Dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb etmək və hesabat verməyən partiyanı cəzalandırmaq düzgün və məntiqli deyil. Bu, yalnız partiyaya siyasi təzyiq üçün bəhanədir. Məqsəd müxalifət partiyalarını müxtəlif bəhanələrlə sıxışdırmaqdır. Qanuna o cür sərt dəyişiklik edilməsində sağlam niyyət yoxdur. Bu da Azərbaycana yaxşı gələcək vəd eləmir".
VİP sədri Əli Əliyev bildirdi ki, S.Novruzovun açıqlamaları adətən iqtidarın yüksək səviyyəli icra planlarının ifadəsi olur. Bu açıqlaması da iqtidarın partiyaların sırasına "əl gəzdirmək” fikrinə düşdüyünün anonsudur: "Əslində gedişat bunu göstərir. Siyasi məhbuslara yönəlik siyasətdən aydın görünür ki, pərdəarxası səviyyədə Qərbin ciddi təzyiqi mövcuddur. Bu pressinqdə hakimiyyəti siyasi islahatlara vadar etmək məqsədi görünür. Jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasına nümayiş etdirilən beynəlxalq reaksiya məsələnin hansı səviyyədə kontrol edildiyindən xəbər verir. Olayın Putinin Savçenko ilə bağlı qərarı ilə üst-üstə düşməsi Azərbaycanın Rusiya ilə bərabər durumda olduğunu simvolizə edir. Siyasi məsələlərlə bağlı mövcud belə beynəlxalq konyuktura YAP komandasını siyasi islahatlara bu nöqtədən başlamağı diktə edir. Bu yolla yəqin ki, iqtidar "könlünə yatmayan" siyasi qurumları ortadan qaldırmaq məqsədi güdür. Əslində necə olmalıdır. Siyasi təşkilatların yaşamaq haqqını cəmiyyət seçkilərdə səsvermə yolu il müəyyən etməlidir. Hökumət bu halda notarial funksiya yerinə yetirib. təşkilatların fəaliyyət hüququnu tanımalıdır. Cəmiyyətin dəstəyi olmayan təşkilatlar rəqabət şəraitində maliyyəsizlikdən, dəstək məhrumluğundan sıra dışı ola bilər. Əks halda bu sıraya müdaxilələr siyasi repressiyanın davamı kimi qiymət alacaq".
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, onsuz da hakimiyyət 1995-ci ildə qəbul olunan konstitusiyanı, hətta demokratik görüntü yaradan qanunları bir neçə dəfə referendum keçirməklə və yaxud Milli Məclisdə dəyişikliklər edərək daha da mürtəceləşdirib və bu proses davam edir.
Siyavuş Novruzovun anons etdiyi dəyişikliklər müxalif partiyaları daha da sıxışdırıb sıradan çıxarmağa hesablanıb: "İndiyə kimi də partiyaların normal fəaliyyət göstərməsi üçün heç bir şərait yaradılmayıb. Müsavat Partiyasının rayon təşkilatlarının qərargahı yoxdur, demək olar ki, qeyri-leqal şəraitdə fəaliyyət göstərirlər. Ancaq buna baxmayaraq Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşməsə də, üzvlərinin üzvlük haqqı və ianələrin hesabına fəaliyyət göstərir. Tam şəffaf olaraq illik maliyyə hesabatını da vaxtlı-vaxtında verir. Partiya bəlkə də ölkədə yeganə siyasi təşkilatdı ki, hər həftə Divan iclası, Sədrlər Şurasının, MNTK-nın və rayon təşkilatlarının Şura iclasları keçirilir. 3 aydan bir Məclis çağırılır. Əslində Siyavuş Novruzovun anonsunu verdiyi məsələ az-çox fəaliyyət göstərən partiyaları da bəhanələrlə sıradan çıxarmaq və ölkədə təkpartiyalılığı rəsmiləşdirməkdir”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, qanuna o cür dəyişikliklər onsuz da böhran içərisində olan çoxpartiyalı sistemi tam sıradan çıxaracaq: "Maliyyə hesabatı dövlət büdcəsindən maliyyələşən partiyalardan sorulmalıdır. Dövlət büdcəsindən maliyyələşən partiyaların bir çoxunun ümumiyyətlə fəaliyyəti yoxdur. Ancaq hər halda hakimiyyət qanuna sərt əlavələri onlara yox, məhz real müxalifət partiyalarına tətbiq etməyə çalışacaq. Bu bir təhlükə sayıla bilər. Onsuz da Azərbaycanda partiyalaşma və partiyalı idarəetmə sistemi çökdürülüb.
Partiyaların fəaliyyət göstərməsi üçün öncə meydan, münbit şərait yaradılmalıdır. Bundan sonra təbii yolla fəaliyyəti olmayan partiyalar əl-ayağa dolaşmayacaqlar və siyasi mübarizə də tam demokratik sağlam rəqabət şəklində gedəcək".
Musavat.comBölməyə aid digər xəbərlər