ABŞ, Rusiya və Ukrayna rəsmiləri Əbu-Dabiyə toplaşır
Tarix: 25-11-2025 12:34 | Bölmə: Siyasət
ABŞ, Rusiya və Ukrayna rəsmiləri Əbu-Dabiyə toplaşır

ABŞ ordusunun katibi Den Driskoll Vaşinqtonun Ukraynadakı müharibəyə son qoymaq üçün sülh müqaviləsi imzalamaqda israr etdiyi bir vaxtda, Ukrayna kəşfiyyatının rəhbəri və Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ rəsmisinə və görüşlə tanış olan iki nəfərə istinadla məlumat yayıb.

Driskoll Rusiya nümayəndə heyəti ilə danışıqlara bazar ertəsi axşam başlayıb. Müzakirələrin bu gün də davam edəcək.

“Rusiya nümayəndə heyətinin tərkibi dərhal məlum deyildi. Lakin vəziyyətlə tanış olan iki nəfərin sözlərinə görə, Driskoll Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanovla görüşməli idi”, - deyə nəşr qeyd edib.

Jurnalistlər xatırladıblar ki, Əbu-Dabidəki görüş Cenevrədə Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlardan sonra baş tutub. ABŞ ordu katibi də İsveçrə şəhərindəki danışıqlarda iştirak edib.

Əbu-Dabidəki üç tərəfin birlikdə görüşüb-görüşmədiyi və ya ayrıca danışıqlar aparıb-aparmadığı hələlik məlum deyil.

Nəşrin xatırlatmasına görə, Kirill Budanov və GUR müharibə zamanı Rusiya ilə azsaylı açıq ünsiyyət kanallarından birini saxlayıblar ki, bu da minlərlə hərbi əsir mübadiləsi aparmağı və digər məsələlərin müzakirəsini mümkün edib.

Qeyd edək ki, şənbə günü imzalanan prezident fərmanında Zelenski həmçinin Budanovu rəsmi nümayəndə heyətinin doqquz üzvündən biri təyin edib, ona ədalətli və davamlı sülhə nail olmaq üçün ABŞ və Rusiya ilə danışıqlar prosesində iştirak etmək səlahiyyəti verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər