Tarix: 11-09-2016 18:17 | Bölmə: Siyasət
Milli Şura sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referenduma etiraz olaraq Bakıda bu gün keçirilən etiraz aksiyasında "Çörək baha, ət baha, yemək tapmır xalq daha!”, "Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat!”, "Azərbaycan intiharlar ölkəsi!”, "Biz kölə deyilik!”, "Yox deyirəm!”, "Lazım” Qarabağa nə vaxt gələcək?”, "Siyasi məhbuslara azadlıq!”, "Dəstək olaq doğruya, lənət olsun oğruya!”, "Yalançı da hökumət, Gülənçi də hökumət!” şüarları səslənib.
Çıxış edən AXCP sədri Əli Kərimli isə mitinqdə təxribatlar ola biləcəyi haqqında xəbərdarlıq edib.
"Bu dəqiqələrdə aldığımız bilgilərə görə, burdakı qələbəlikdən narahat olan hakimiyyət səviyyəsiz təxribatlar planlayır. Burdan hökumətə səslənirəm ki, təxribatı siz planlayırsınız və məsuliyyəti də sizin üzərinizdədir”,- deyə AXCP sədri hökumətə səslənib.
"Bu təxribat söz-söhbətləri burdakı minlərlə cəsur insanı qorxuda bilməz”,- deyən Ə.Kərimli mitinq iştirakçılarından xahiş edib ki, hər hansı təxribat cəhdi olarsa, onu edənləri saxlayıb polisə təhvil versinlər.
Digər çıxışçı, Milli Şuranın üzvü, sabiq ədliyyə generalı Vidadi Mirkamal isə referenduma çıxarılacaq təkliflərdən danışıb.
O, xüsusilə, mülkiyyət hüququ ilə bağlı dəyişiklik təkliflərinin cəmiyyətin maraqlarına zidd olduğunu, onların xüsusi mülkiyyət hüququnu çox ciddi təhdid etdiyini vurğulayıb.
"Bu dəyişiklikləri qəbul etmək olmaz. Bu demokrtatik cəmiyyət üçün tamamilə yolverilməzdir. Mən bütün cəmiyyəti bu dəyişiklıiklərə, referenduma yox deməyə çağırıram”.
Bölməyə aid digər xəbərlər