Fəzail Ağamalı: “Radikal qruplar AXCP ilə eyni platformadan çıxış edir”
Tarix: 15-09-2016 18:47 | Bölmə: Siyasət

 

"Referenduma çıxarılan konistitusiyaya əlavə və dəyişikliklərə heç bir hüquqi qiymət verə bilməyənlər mitinq keçirmək, ətrafına daha çox kütlə toplayaraq Qərbdə yerləşən anti-Azərbaycan qüvvələrinin dəstəyi ilə qarşılıqlıq salmaq, sabitliyi pozmaq niyyəti güdürlər”.

Reyting.az xəbər verir ki, bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Deputat hesab edir ki, sözügedən niyyət müxalifətin, xüsusilə də AXCP-nin fəaliyyətində özünü birmənalı şəkildə göstərməkdədir: "İstər sosial şəbəkələrdə yazmış olduqları statuslarda, istərsə də ayrı-ayrı kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda bu niyyət çox açıq şəkildə özünü büruzə verir. Əslində niyyəti bəlli olan AXCP-nin Milli Şura adı altında keçirdiyi mitinqdə radikal dini qurupların təmsilçiləri də görünməkdədir”.

Millət vəkili bildirib ki, bu gün həbsdə olan, haqqında cinayət işi qaldırılanların da adamları mitinqdə iştirak edib, şüarlar səsləndiriblər: "Bu onu göstərir ki, bu gün dini radikal qruplar AXCP və onun əsas adı olan Milli Şura ilə eyni platformadan çıxış edir və bunlar xaricdən idarə olunur. Lakin çıxarılan nəticə ondan ibarətdir ki, onların istəkləri xalq təfindən rədd edilir”.

F.Ağamalının sözlərinə görə, bu mitinqlərdə insanların sayının az olması göstərir ki, həmin qüvvələr xaricdəki himayədarları ilə Azərbaycanda siyasi sabitliyi pozmaq istəyinə malik deyillər: "Onlar bu gün Azərbaycanın maraqları və mənafeyini düşmənə satmaq qədər alçaqlıq edib və aşağı səviyyəyə düşüblər. Bu cür insanlar sosial şəbəkələrdə bəzi statuslar yazmaqla, radikal addımları ilə müxtəlif şəkildə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək və həbsxanaya düşərək "məşhurlaşmaq” istəyirlər. Bununla da onlar anti-Azərbaycan qüvvələrinin diqqətini özlərinə cəlb etmək, həbsxanadan çıxandan sonra xaricə getmək, qaçqın statusu almaq Azərbaycan iqtidarına qarşı barışmaz mövqe nümayiş etdirməklə öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədi güdürlər”.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər