Koronavirusdan sonrakı dünya uğrunda savaş başlayıb - Politoloq
Tarix: 30-04-2020 13:49 | Bölmə: Siyasət
Koronavirusdan sonrakı dünya uğrunda savaş başlayıb

“Nəzərə almaq lazımdır ki, dünyada qlobal rəqabət başlayıb. Koronavirusdan sonra dünyanın düzənində kifayət qədər dəyişikliklər olacaq. Bu mənada indi koronavirusdan sonrakı dövrlə bağlı mübarizə gedir. Bu savaşda da əsasən iki nəhəng qüvvə üz-üzə gəlir. ABŞ liderliyində Qərb bloku ilə Çin və Rusiya ilə bir cərgədə olan digər dövlətlər qrupu”.

Bu fikirləri Reyting.az-a politoloq Oqtay Qasımov pandemiyadan sonrakı dünya düzənindən danışarkən deyib.

Onun fikrincə, koronavirusu yaydığına görə, Çindən siyasi güzəştlər tələb ediləcək və Çin müəyyən güzəştlərə getməli olacaq: “Getməsə, beynəlxalq məhkəmələr tərəfindən sanksiya və cərimələrlə üzləşə bilər. Hesab edirəm ki, pandemiya prosesi uzandıqca dövlətlərin iqtisadi problemləri dərinləşəcək və bu, Çinə qarşı qəzəbi artırmağa səbəb olacaq. Hazırda Çinə qarşı ciddi siyasət formalaşır”.

O. Qasımov qeyd edib ki, Çinin ona qarşı duranlara necə reaksiya verməsindən çox şey asılıdır: “Proqnozuma görə, Çinə dünyanı qarşısına almaq çətin olacaq. Əslində burada Çinin davranışlarına dəyişikliklər etməsi lazım olacaq”.

Politoloq diqqətə çatdırıb ki, BMT-dəki son müzakirələr zamanı da Çini ittiham ediblər: “Buna baxmayaraq Çin geri çəkilmədi. Hesab edirəm ki, belə mövqeyin sərgilənməsi ciddi gərginliklərə səbəb ola bilər. Bütün hallarda koronavirus həm də güllə atılmadan aparılan müharibədir”.




Bölməyə aid digər xəbərlər