Məhkəmə Tofiq Yaqublunun əleyhinə qərar verdi
Tarix: 24-06-2020 16:41 | Bölmə: Siyasət
Məhkəmə Tofiq Yaqublunun əleyhinə qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Demokratik Qüvvələrinin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.

Reyting.az
“Turan”-a istinadla xəbər verir ki, siyasətçinin qızı Nigar Həzinin məlumatına görə, Yaqublu iclasda təqsirsiz olduğunu və istintaq dövründə həbsdə saxlanılmasının əsassız olduğunu bildirib.

Vəkil Aqil Layıc da istintaqın uzadılması üçün prosessual əsas olmadığını qeyd edib.

Amma Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Vəkil A. Layıc qeyd edib ki, Yaqublunun həbsdə saxlanılması ilə bağlı ölkədaxili şikayət mexanizmləri bitib. Onun sözlərinə görə, siyasətçinin digər vəkili Elçin Sadıqov artıq Yaqublunun həbsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarəti yetirmə ittihamı ilə həbs edilib. İstintaqın təqdimatı əsasında iyunun 19-da Yaqublunun həbs müddəti iki ay uzadılıb.

Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər. Onun "cinayəti" park edilmiş avtomobilinə başqa maşının vurmasında və maşındakı şəxslərin Yaqubluya hücum etməsində özünü büruzə verib. Bu şəxslər sonradan Yaqublunun özünü ittiham ediblər.

Bir çox beynəlxalq təşkilatlar Yaqublunun həbsini pisləyib, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.

Müxalifətçinin tərəfdaşları həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin tənqid etməsi və Facebook-dakı nəşrləri olduğundan əmindirlər.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}