Dağlıq Qarabağa dair Moskva-Vaşinqton konsensusu pozula bilər
Tarix: 01-02-2017 13:38 | Bölmə: Siyasət


"Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə ABŞ arasında hər zaman konsensus mövcud olub. ABŞ-ın yeni prezident administrasiyasının da bu münaqişənin həllinə nə qədər diqqət yönəldəcəyi sual altındadır”.

Reyting.az xəbər verir ki, bu sözləri APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyi yanında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Nikolay Silayev deyib.

Rusiyalı ekspert Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və ABŞ arasında konsensusun Obama dövründə də mövcud olduğunu söyləyib: "Hətta Ukrayna böhranının ən qızğın vaxtında belə amerikalı diplomatlar açıq bildirirdilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair yanaşmaları Rusiya ilə eynidir. Hələlik ABŞ-ın Qarabağ münaqişəsinə yanaşmasının dəyişməsinə heç bir səbəb görmürəm. Vaşinqtonun yanaşması bir halda dəyişə bilər. Bu, münaqişə tərəfləri problemin həlli istiqamətində praktik addımlar atacağı təqdirdə mümkündür”.

N.Silayev bildirib ki, Qarabağ münaqişəsində Moskva ilə Vaşinqton arasında son illər müşahidə etdiyimiz konsensus bir məsələ ilə bağlıdır: "Nəzərə alaq ki, Rusiya ilə ABŞ arasında bir çox münaqişələr və məsələlərlə bağlı dərin fikir ayrılığı var. Qarabağ münaqişəsi nadir məsələdir ki, burada Moskva ilə Vaşinqton eyni mövqedən çıxış edir. Bunun səbəbi münaqişənin həlli istiqamətində heç nə baş verməməsidir. Nə vaxt ki, münaqişənin həlli istiqamətində ciddi adım atılacaq, tərəflər nədəsə razılığa gələcək, o zaman Moskva və Vaşinqton arasında konsensus pozula bilər. Nəzəri cəhətdən əgər tərəflər razılığa gəlsələr ki, regiona sülhməramlılar yerləşdirilməlidir, o zaman regionun digər ölkələri olan Türkiyə və İranın mövqeyi nəzərə alınmaqla, yeni diplomatik konfiqurasiya yaranacaq. Onda məlum deyil ki, Rusiya ilə ABŞ arasındakı konsensus qalacaq, ya yox. Hələlik bunu ancaq nəzəri cəhətdən fikirləşmək olar. Çünki münaqişə tərəfləri problemin həlli istiqamətində heç bir addım atmağa hazırlaşmır”.

N.Silayev ötən ilin aprel hadisələrindən sonra münaqişənin nizamlanmasında "Lavrov planı”nın ortaya atılması və bu planın aqibəti haqda da danışıb: "Bu, mətbuat tərəfindən ortaya atılan bir plan idi. Yəni rəsmilər tərəfindən bu planın olması öz təsdiqini tapmadı. Bu, o demək deyil ki, belə plan mövcuddur. Ortada münaqişənin nizamlanması ilə bağlı bir neçə sənəd var. Kazan, Madrid və digər sənədlər... Aprel hadisələrindən əvvəl də, sonra da danışıqlar bu sənədlər üzərində aparılıb. Qarabağ münaqişəsi ilə bağlı yeni bir plan irəli sürmək çox çətin məsələdir. Ona görə ki, atəşkəsin imzalanmasından keçən 23 il ərzində mümkün olan bütün planlar artıq təklif olunub. Bu münaqişə ilə bağlı kardinal olaraq yeni bir təklif vermək demək olar ki, mümkün deyil. Ona görə də, Rusiya hər zaman söyləyir ki, ilk növbədə tərəflər özləri razılığa gəlməlidir. Lakin bu, o demək deyil ki, Rusiya status-kvonu dəstəkləyir. Moskva münaqişənin həllinin tərəfdarıdır. Lakin Rusiya münaqişəni Bakı və Yerevanın yerinə həll edə bilməz. Tərəflərin qərarı, səyləri və iradəsi bu problemi həll edə bilər”.

Ekspert Dağlıq Qarabağda yaxın vaxtlarda güclü toqquşmaların baş verəcəyini istisna edib: "Fikrimcə, yaxın vaxtlarda Qarabağda ötən ilin aprelindəki toqquşmalara bənzər hadisələr olmayacaq. Aprel toqquşmaları beynəlxalq kontekstdə nadir vəziyyətdə baş vermişdi. Lakin indi həmin vəziyyət mövcud deyil. Təəssüflər olsun ki, qoşunların təmas xəttində gərginlik qalacaq, davam edəcək. Deməyə əsas var ki, münaqişə regionunda vəziyyət həyəcanverici olaraq qalır".

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər