Politoloq: “Ağdərə, Sərsəng və Madagiz su anbarı ordumuzun müşahidəsi altındadır”
Tarix: 29-09-2020 11:01 | Bölmə: Siyasət
Politoloq: “Ağdərə, Sərsəng və Madagiz su anbarı ordumuzun müşahidəsi altındadır”

“Qarabağ istiqamətində başlayan hərbi əməliyyatlardan sonra gələn beynəlxalq reaksiyaları normal qiymətləndirirəm. ATƏT və ya BMT eyni sözləri 30 ilə yaxındır ki, deyir və əslində belə açıqlamlar vermək onların borcudur. ABŞ və Avropa da həmçinin. Avropa ölkələri içərisində ən loyal mövqe tutan Almaniyadır. Almaniya mediası Azərbaycanın əməliyyatını əks-hücum kimi təqdim edir”.

Bunu politoloq Qabil Hüseynli Reyting.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq qurumlar və güc mərkəzləri indi görürlər ki, Azərbaycan Ordusu Rusiyanın bölgədəki forpostu halına gələn Ermənistanla ədalətli müharibə aparır. Bu səbəbdən də heç kim Azərbaycana etiraz edə bilməz: “Hərbi əməliyyatlar hazırda Dağlıq Qarabağ ərazisində deyil. Biz onun ətrafında yeddi rayon uğrunda mübarizə aparırıq. Bu əraziləri əldə etdikdən sonra Dağlıq Qarabağla bağlı müəyyən ideyaları həyata keçirmək olar”.

Politoloq Vardenes-Ağdərə yolunun Azərbaycan Ordusunun müşahidəsi altına keçməsini ciddi uğur sayır: “Artıq bu yolu avtomatla müşahidə altında saxlamaq belə mümkündür. Eyni zamanda Ağdərə, Sərsəng və Madagiz su anbarı ordumuzun vizual müşahidəsi altındadır. Azərbaycan dronları başa vurduğumuz gecə fəal olublar. Ağdərə qarnizonunun hərbi texnikasını sıradan çıxarıblar. Bu saat Ermənistan tərəfinin ən ciddi itkisi Ağdərə istiqamətindədir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}