Hökumətin istefası tələb olunur
Tarix: 30-01-2019 12:00 | Bölmə: Slayd
Hökumətin istefası tələb olunur

“Dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu səsləndirib.

Q. İbadoğlunun belə qənaətə gəlməsinə səbəb Azərbaycanın korrupsiyaya dair hesabatda 30 bənd geriləməsidir. ADR Hərəkatının rəhbəri bildirib ki, bu geriləmədən böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq:

“Korrupsiyaya dair hesabata görə əslində, Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür. Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə “çempion” olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb”.

Hökumətin istefası tələb olunur

Q. İbadoğlu iddia edir ki, belə bir sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” ala bilər: “Azərbaycanda baş verənlər hətta adını çəkdiyim ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azında Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Çünki korrupsiya nərdivannda bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz, baş verənlər hamımızı xəcalətli edəcək”.

Hərəkat rəhbəri qeyd edib ki, korrupsiyaya qarşı mübarizə milli təhlükəsizlik məsələsi qədər önəmlidir:

“Məhz bu korrupsiyaya görə, Azərbaycan vətəndaşları yoxsuldur, onların böyük əksəriyyəti gündəlik dolanışıq həsrətindədir, gənclərimiz işsizdir, sadəlöhvcəsinə korrupsioner məmurların şirkətlərinə CV göndərir, korrupsiyalaşmış dövlət orqanlarında testə girir, müsabiqələrdən üzüqara çıxırlar, uşaqlarımız ödəniş ucbatından vaxtında tibbi müayinədən keçə, müalicə ala bilmirlər, ahıl vətəndaşlarımızın pensiyaları həkimə və dərmana çatmır, ölkəmiz isə olmayan nüfuzunu da itiririr, bizim Qarabağla bağlı haqq səsini qulaqardına vururlar.

Bunlar hamısı korrupsiyaya, korrupsiya isə bu hakimiyyətə görədir”, - Q. İbadoğlu qeyd edib.

Onu da qeyd edək ki, Azərbaycandakı bəzi hüquq müdafiəçiləri və politoloqlar Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksi ilə razılaşmırlar. Hakimiyyət tərəfdarları iddia edirlər ki, bu məsələdə də ölkəmizə qarşı qərəzli mövqe tutulub. Yəni, bu hesabatda da ikili standartların “barmaq izləri”nin olduğunu bildirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər