16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 25-01-2025 11:49 | Bölmə: Slayd
İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Reyting.az
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, görüşdə, son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğu vurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.




Bölməyə aid digər xəbərlər