Avropada “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!” sədaları ucaldı - Mitinq
Tarix: 23-02-2019 20:47 | Bölmə: Slayd
Avropada “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!” sədaları ucaldı

Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilib.

Mitinq yerli vaxtla saat 14:00-da başlayıb və öz izdihamlılığı ilə seçilib. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına “dur” de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Mitinq Bakı vaxtı ilə saat 17:00-19:00-dək davam edib.

Reyting.az xəbər verir ki, aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

Mitinqdə çıxış edən diaspor nümayəndələrimiz 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər