16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi - Yenilənib
Tarix: 04-12-2019 12:13 | Bölmə: Slayd
Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

Reyting.az
-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Konstitusiya Məhkəməsi Plenumunun qərarında deyilir ki, yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir.

***

Bu gün Azərbaycan Prezidentinin göndərdiyi sorğusuna baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, toplantıya Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir. Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov.

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}