2019 Dağlıq Qarabağ probleminin həlli üçün itirilmiş il oldu - Politoloq
Tarix: 18-12-2019 17:11 | Bölmə: Slayd
2019 Dağlıq Qarabağ probleminin həlli üçün itirilmiş il oldu

“2019-cu ildə həmsədrlər cəhd edirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xalq diplomatiyasını işə salsınlar. Amma bu, uğursuz oldu. Bu da ondan irəli gəlir ki, tərəflər buna hazır deyillər”.

Bu fikirləri Reyting.az-a “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev başa vurmaq üzrə olduğumuz ildə Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqları şərh edərkən deyib.

Mehman Əliyev əlavə edib ki, son 3-4 ayda Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı mövqelərini sərtləşdirib. Bu isə o deməkdir ki, proses aktiv fazada deyil.

2019 Dağlıq Qarabağ probleminin həlli üçün itirilmiş il oldu
M. Əliyev

M. Əliyevin sözlərinə görə, tərəflər arasında görüşlər olsa da, irəliləyiş yoxdur: “Bu baxımdan biz, Qarabağ problemini nəzərdə tutaraq məsələyə yanaşsaq 2019 itirilmiş ildir”.

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə də toxunan Qarabağ Komitəsinin üzvü diqqətə çatdırıb ki, əslində, bu ideya plagiatdır: “Qeyd edim ki, Tiflisdə ATƏT və Avropa Birliyinin iştirakı ilə görüş olub. Bu, yayda baş verib. Orada təklif olunub ki, Azərbaycan və Ermənistan jurnalistlərindən vahid qrup, vahid peşə normaları formalaşdırılsın. O mənada ki, kimsə-kimisə təhqir etməsin, böhtan atmasın, prosesə mənfi təsiri olmasın. Yəni jurnalist kimi işini görüsün. Biz gedib Ermənistandan material toplayıb yazaq, əks tərəf də Azərbaycandan. Bu, Qarabağ məsələsinin həllinə yardım üçün qarşılıqlı etimada hesablanmışdı. Amma sonradan bu ideyanı özləri formalaşdırıb jurnalistləri qarşılıqlı səfərlərə göndərdilər. Ortada da nəticə olmadı. Bilmirəm ki, bu, niyə Rusiyanın təşəbbüsü ilə edilməli idi?”.

Reyting.az




Bölməyə aid digər xəbərlər