Xankəndinin meydandakı sirri: azərbaycanlı alim erməni şovinistlərini dəstəkləyirmiş
Tarix: 28-12-2019 11:27 | Bölmə: Slayd
Xankəndinin meydandakı sirri: azərbaycanlı alim erməni şovinistlərini dəstəkləyirmiş

Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilərinin Ermənistan silahlıları və onların havadarları tərəfindən işğalından 28 il ötür.

Reyting.az
xəbər verir ki, müharibənin başlamasının səbəblərindən biri də Dağlıq Qarabağın Xankəndi şəhərinin erməni millətçiləri tərəfindən faktiki əldə edilməsi olub.

Xankəndində işğaldan öncəki vəziyyət barədə Ənvər Əliyev “Meydan sirləri” kitabında da yazıb.

Ənvər Əliyev bizimlə söhbəti əsnasında deyib ki, o dövrdə Xankəndində baş verən hadisələrlə bağlı şikayət və məktublar, habelə xəbərlər AMEA-ya, Bakı Dövlət Universitetinə, eləcə də hökumətə göndərilirmiş: “Böyük ehtimalla bu məktublar, o dövrdə Baş prokurora və ya hökumətə də göndərilib və bir nüsxəsi də AMEA-ya təqdim edilib. Mən həmin vaxt materiallar toplayırdım, bu səbəbdən də həmin məktubları mən də əldə edirdim”.

Beləliklə, işğaldan öncə Xankəndində vəziyyətin necə olmasını diqqətinizə çatdırırıq. Söhbət Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi (Stepanakert) şəhərindəki filialında baş verən hadisələrdən gedir:

Xankəndinin meydandakı sirri: azərbaycanlı alim erməni şovinistlərini dəstəkləyirmiş
Ənvər Əliyev

Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) baş verən hadisələr Stepanakert şəhərində yerləşən Azərbaycan Pedoqoji İnstitutunun Azərbaycan bölməsinin normal tədris prosesini pozduğu kimi, müəllim və tələbə kollektivinin əhval-ruhiyyəsinə, gənclərin beynəlmiləl tərbiyəsinə də olduqca mənfi təsir göstərdi. İnstitutda Qarabağ hadisələrindən sonra yaranmış şovinist atmosfer, baş verən ixtişaşlar, iki dəfə - mayın 16-da və iyunun 6-da azərbaycanlı müəllim və tələbələrin Stepanakert şəhərindən qovulması ilə nəticələndi. Hər iki hadisə zamanı APİ-nin binasını mühasirəyə alan erməni millətçiləri “Turkı, uxodite”, “Kozlı, uxodite”, “Musavatistı, uxodite”, - deyə qışqırmış, müəllim və tələbələri Azərbaycan dilində biabırçı söyüşlərlə söyərək onları avtobusa minib qaçanadək daşlamışlar.

Birinci dəfə mayın 16-da qovulduqdan sonra doğma institut üçün darıxan tələbələr uzaq rayonlardan olan yoldaşlarına da xəbər göndərərək, yığışıb yenidən instituta qayıtmışlar; hətta azərbaycanlı qızlar qəsdən Stepanakert şəhərində onlara rast gələn ermənilərə kirayə ev axtardıqlarını demiş, onların təəccüb dolu gözləri, bəzən də qaba söyüşləri ilə qarşılaşmışdılar. Tələbələr öz doğma torpaqlarında gördükləri bu cür münasibətdən çox hiddətlənmiş, nəyin bahasına olursa-olsun, şəhərdə qalıb təhsillərini başa vurmaq qərarına gəlmişlər.

Lakin vəziyyət günü-gündən gərginləşir, ermənilər tez-tez institutu mühasirəyə alır, erməni müəllimlərin yardımı ilə azərbaycanlıları təhqir və təqib edirdilər.

Çıxılmaz vəziyyəti müzakirə edən azərbaycanlı müəllimlər tələbələrin etirazına baxmayaraq, xoşagəlməz hadisələrin qarşısını almaq üçün institutun Azərbaycan bölməsinin Şuşa şəhərinə köçürülməsini təklif etdilər. Bu vaxt “Krunk”un fəallarından olan dosent Hamlet Movsesyan öz qəti etirazını bildirərək “Şuşa sizin deyil, biz sizi Şuşaya buraxmayacayıq”, - dedi.

Qarabağ hadisələrindən bir neçə ay əvvəl tarix fakültəsində Süleyman Zeynalovun yerinə dekan seçilmiş S. Dadayan da Azərbaycan bölməsinin DQMV ərazisində qalmasına etirazını bildirmişdi. O, hətta tələbələrə açıq-aşkar “Biz sizin bura gəlməyinizi istəmirik”, - demişdi.

Stepanakert şəhərinə gələn tələbələri bəzən “QAİ” işçiləri şəhərin girəcəyindəki postdan geri qaytarır, onların şəhərə daxil olmalarını “məsləhət” görmürdülər.

İyun ayında institutu əhatə edən yüzlərlə ekstremist “Gəldik, qaçın!”, “Gəldik, qaçın!”, - deyərək tələbələrə hədə-qorxu gəlmiş, bir neçə erməni millətçisi onları sakitləşdirmək istəyən müəllim S. Zeynalovu döymüşdür. Müəllimlər institutun qapılarını içəridən bağladıqdan sonra quldurlar pəncərədən hücuma keçmişlər... Nəhayət, hərbçilər gəlmiş, azərbaycanlıların çıxıb getməsi üçün avtobuslar gətirmişlər. İnstitutdan çıxıb avtobuslara minən tələbə və müəllimləri ermənilər daşqalaq etmiş, onları təhqiramiz söyüşlərlə söymüşlər. Müəllim və tələbələr hərbçilərdən bu xuliqanlığın qarşısını almağı tələb etdikdə, onlardan biri soyuqqanlılıqla “onsuz da öldürməyəcəklər”, – demişdi. Deməli, döymək, söymək, qovmaq terror sayılmırmış...

Pərt vəziyyətdə avtobuslara doluşub Ağdama gələn tələbə qızları Əsgəran kəndini keçdikdən sonra ağlamaq tutmuş, onlar göz yaşlarını saxlaya bilməmişlər. Ağdam camaatının bu işdən xəbər tutmaması üçün tələbələrə mərkəzi meydanda dayanmağa icazə verilməmiş, onları üzümçülər evinə yığmışlar. Üzümçülər evində Azərbaycan SSR Daxili işlər nazirinin müavini polkovnik (?) Məmmədov tələbələrə demişdir: “Nə üçün hay-küy salmısınız, hansınızı döyüblər ki?.. Sizi ki döyməyiblər?”.

Tələbələrdən Nuriyyə Zeynalova ona cavab verərək demişdir: “Bəli, bu gün Stepanakertdə bizi döyüblər, elə sizin özünüzü də döyüblər. Bu gün S. Murtuzayevi, Ə. Vəzirovu, bütün Azərbaycan xalqını döyüblər, çünki biz öz doğma Xankəndimizdən qovulmuşuq”.

İyunun 6-da belə bir hadisə baş vermişdir. Müəllimlərə hücum edən ekstremistlərin ikisini dünən Bakıdan gələn Murtuz müəllim tanıyır. O, dünən avtobusda bu iki şəxslə gəlmiş, Bakıda yaşayan həmin ermənilər yol boyu DQMV ermənilərini səhv iş görməkdə, naşükürlükdə təqsirləndirib, onlara lənətlər yağdırmışlar. Stepanakert şəhərində yaşayan azərbaycanlılar bildirirlər ki, hər həftə (xüsusilə şənbə və bazar günləri) Bakıdan Stepanakertə nümayişlərdə iştirak etmək üçün ermənilər gəlir, anti-Azərbaycan nitqləri söyləyirlər.

Stepanakertdə olan ilk nümayişlərə azərbaycanlı tələbələr bir kənarda dayanıb baxırmışlar. Onları təəccübləndirən o olmuşdur ki, eyni adamlar hər gün eyni yerdə dayanıb, eyni şüarları söyləyirmişlər. Bu nümayişlər qabaqcadan hazırlanmış teatr tamaşasına bənzəyirmiş. Nümayişdə iştirak edənlərin əksəriyyəti “günəmuzd vətənpərvərlər” idi. Onlar hər gün ümumi fonddan müəyyən məbləğdə pul alırdılar. Stepanakert daş karxanasının müdiri Manuçarov nümayişlərin qızğın vaxtında gecəni yatmayıb Vilayət Partiya Komitəsinin qarşısında dayananların hərəsinə 50 manat verirmiş. “Krunk” cəmiyyətinin başçıları hər ay 800-1000 (səkkiz yüz, min) manat, fəalları isə 400-500 (dörd yüz beş yüz) manat alırlar. Eləcə də tətil edənlərin hamısı vaxtlı-vaxtında maaşlarını alırlar. Vilayətin azərbaycanlı əhalisi isə işə buraxılmadığından hədsiz ehtiyac içərisindədir. Bu yaxınlarda bir nəfər azərbaycanlı qadın rus əsgərindən bir manat dilənmişdir. Uşaqları üçün çörək pulu!..

DQMV millətçilərinin pulla təmin edilməsində SSRİ-nin hər yerində yaşayan erməni sexçiləri, xüsusilə Bakı və Orta Asiya sexçiləri böyük rol oynayırlar.

APİ-nin Həmkarlar İttifaqının sədri Hamlet Qriqoryan “Krunk”dan hər ay 1000 (min) manat, dosentlər Hamlet Movsesyan və S. Dadayan hər biri ayda 500 (beş yüz) manat alırlar.

İnstitutun rektoru Sərkisyanın Bakı, Stepanakert və Sumqayıt şəhərlərində mənzilləri, Xanabad kəndində isə mülkü vardır.

Filologiya fakültəsinin dekanı S. A. Xanyanın Bakının mərkəzində üç otaqlı, Stepanakert şəhərində dörd otaqlı mənzilləri, Hadrut rayonunda mülkü vardır. Həmin mənzilləri onlardan alıb ehtiyacı olan bakılılara vermək lazımdır.

APİ-də milli ehtirasların coşduğu bir vaxtda institut partiya təşkilatı olduqca səhv mövqe tutmuş, partiya təşkilatının katibi Bəşir Fərəcov ona vəd edilmiş prorektorluq vəzifəsinin eşqi ilə azərbaycanlı tələbələrə çox böyük mənəvi zərbə vurmuşdur. O, tez-tez tələbələrə “Ermənilər haqlıdırlar, öz halal torpaqlarını istəyirlər”, - deyir, onun dərs dediyi auditoriyalarda həmişə müəllimlə tələbələr arasında narazılıqlar, mübahisələr baş verirdi. Münaqişə o yerə çatır ki, B. Fərəcov tarix fakültəsinin 4-cü kursundan imtahan götürərkən 15 nəfərə “qeyri-kafi” qiymət yazır. Sonra tələbələr onun erməni müəllimlərə “Görürsünüz, azərbaycanlıların boğazını toyuq boğazı kimi necə üzürəm!!!”, - dediyini eşitmişlər.

Xankəndinin meydandakı sirri: azərbaycanlı alim erməni şovinistlərini dəstəkləyirmiş

B. Fərəcov azərbaycanlı qızların qırmızı paltar geyməsinə icazə vermir, bunu erməni xalqına qarşı hörmətsizlik kimi qiymətləndirirdi. O, hətta qırmızı sancaq taxanları belə dərsdən qovurdu.

B. Fərəcov 1 May nümayişi vaxtı Marksın və Leninin şəkillərini götürmüş Namiq Orucova və Təvəkkülova hücum çəkmiş, rektor Serkisyanın, dos. Dadayanın və Oleq Yeseyanın yanında onları söyərək demişdir:

- Siz nə qanırsınız Marks kimdir, Lenin kimdir? Tez olun portretləri verin erməni tələbələrə!

B. Fərəcov Stepanakert şəhər partiya komitəsinin büro üzvüdür. Şəhər partiya bürosu üzvlərinin, demək olar ki, əksəriyyəti “Krunk”un da üzvü olduğundan, bu iclaslar həmişə anti-Azərbaycan ruhunda aparılır. Həmin iclaslarda Azərbaycan xalqı “kütbeyin”, “savadsız”, “vəhşi” adlandırılmışdır. B. Fərəcəov bütün bu təhqirlərə qulaq asmış, bir dəfə olsun öz etirazını bildirməmişdir. Əksinə, o, həmişə ermənilərin səsinə səs vermişdir.

APİ-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 68-ci ildönümünə həsr olunmuş iclasda B. Fərəcov məruzə ilə çıxış etməyi qatı erməni millətçisi dos. S. Xanyana tapşırmışdır. S. Xanyan isə bu məruzədə Azərbaycanın xeyrinə bir kəlmə belə işlətməyərək ancaq S. Şaumyanın fəaliyyətindən danışmış, sonra isə Azərbaycan xalqının əleyhinə şüarlar demişdir. Azərbaycanlı tələbələr o saat iclas zalını tərk etmiş, müəllimlərdən Yusif Ağayev söz alıb iclasın bu ruhda keçməsinə qəti etirazını bildirmiş, bu işdə B. Fərəcovu təqsirləndirmişdir.

B. Fərəcovun erməni millətçilərinin ürəyindən xəbər verən fəaliyyəti erməni professor və müəllimlərin o qədər xoşuna gəlmişdir ki, onlar Bəşiri mükafatlandırmaq üçün institutun prorektoru, qocaman alim Nəcəf Quliyevi qovmağa çalışmış, bir neçə dəfə ona hücum çəkib “türk, müsavatist”, “baran”, “kozyol”, - deyə qışqırmışlar...

N. Quliyev işdən çıxmaq barədə ərizə vermək dərəcəsinə gəlib çıxmış, lakin K. Bağırov onun qalıb işləməsini məsləhət bilmişdir.

Hal-hazırda B. Fərəcovdan başqa bütün azərbaycanlı müəllimlər və tələbələr Stepanakert şəhərini tərk etməyə məcbur olmuşlar. Tələbələrin qəti etirazına baxmayaraq, milli ehtirasları qızışdıra biləcək hadisələrin qarşısını almaq üçün institutun Azərbaycan bölməsi Şuşa şəhərinə köçürülmüşdür. Eləcə də 4 №-li Azərbaycan məktəbinin fəaliyyəti yox dərəcəsindədir.

Ümumiyyətlə, son vaxtlar DQMV-də azərbaycanlı əhalinin sayı planlı surətdə xeyli azalmışdır. Bu, erməni millətçilərinin əhalinin 1989-cu ildəki siyahıyaalınmasına hazırlıqdır. Eləcə də Erm. SSR ərazisindəki Azərbaycan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə qovulması da Ermənistanın partiya və hökumət rəhbərlərinin razılığı və səyi ilə həyata keçirilən bir prosesdir.

A. QASIMOVA
12.06.1988.




Bölməyə aid digər xəbərlər