Politoloq: “Ermənistanın Rusiyanı prosesə cəlb etmək istəyi alınmayacaq”
Tarix: 03-11-2020 11:00 | Bölmə: Slayd
Politoloq: “Ermənistanın Rusiyanı prosesə cəlb etmək istəyi alınmayacaq”

“Bütün müharibələrin sonunda sülh müqaviləsi imzalanır. Mən inanmıram ki, Ermənistan müharibənin sonunda Azərbaycanın şərtlərini qəbul etsin. Bu səbəbdən də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şübhə ilə yanaşıram. Nikol Paşinyan təxribatçıdır. Onun yerinə gələn istənilən erməni arzu etməyəcək ki, belə bir müqaviləyə imza atsın. Ehtimal edirəm ki, yalnız Levon Ter-Petrosyan belə bir sazişə imza ata bilər. Çünki indiyə qədər gördüyüm ən ağıllı erməni siyasətçisi Levon Ter-Petrosyandır. Yerdə qalan erməni siyasətçiləri təxribatçıdır”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloq əlavə edib ki, Bakıda, eləcədə Azərbaycanın digər rayonlarında ermənilər 30 ildir rahat yaşayıblar: “Bunun üçün sülh müqaviləsinə ehtiyac olubmu? Yox! Qarabağda da yaşamaq istəyən ermənilər bu formada yaşayacaq. Əlbəttə, bir az çətin olacaq, amma mümkündür. Yəni əvvəlki münasibətlər olmayacaq, amma buna yaxın bir şeylər ola bilər. Azərbaycan qanunlarını qəbul edənlər qalıb yaşayacaq, etməyənlər çıxıb gedəcək”.

C. Nuriyev qeyd edib ki, Ermənistan müharibədən sonra Azərbaycanla sülh müqaviləsi imzalasa, Naxçıvana görə Ermənistanı hansısa beynəlxalq layihələrə qoşmaq mümkündür: “Burada ciddi problem görmürəm. Çünki Naxçıvan bizdən ayrı düşüb və onun kommunikasiya problemini həll etmək üçün ermənilərlə problemimiz qismən yaxşılaşa bilər. Bu, artıq ermənilərdən asılıdır. Sülh müqaviləsi imzalamasa, bunun da ziyanı Ermənistana dəyəcək. Çünki biz Naxçıvanla mümkün olan bütün əlaqələri yaratmağa çalışırıq.

Ermənilər öz dərdlərini çəksin. Əlbəttə, ermənilərlə sülh müqaviləsi olmalıdır, biz qonşu dövlətlərik. Problemlə hər gün rastlaşmamaq üçün buna ehtiyac var. Əgər imzalamaq istəməsələr, bu, onların problemi olacaq. Onsuz da Azərbaycan ərazi bütövlüyünü təmin edərək sərhədlərinə tam nəzarəti bərpa edəcək. İtirən onlar olacaq. Ermənistan əbədi müharibə apara bilməyəcək. Əgər onlar düşünürlərsə ki, ərazi bütövlüyümüzü təmin etdikdən sonra dövlət sərhədindən hücumlar edəcək və Azərbaycan da buna sakit yanaşacaq, çox səhv edirlər. Əlbəttə, arzulayırlar ki, Rusiyanı prosesə cəlb etsinlər. Amma artıq bu məsələ bitdi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər