Ekspert: “Bayden ABŞ prezidenti seçilsə Qarabağla bağlı...”
Tarix: 05-11-2020 13:30 | Bölmə: Slayd
Ekspert: “Bayden ABŞ prezidenti seçilsə Qarabağla bağlı...”

“Amerikada keçirilən prezident seçkiləri ərəb dövlətləri üçün “pislə daha pis” arasında seçim etmək mənasına gəlir. Müşahidələr deməyə əsas verir ki, ABŞ-dakı seçkiləri Yaxın Şərqdə bir neçə ölkə səbirsizliklə izləyir. Xüsusilə, Səudiyyə Ərəbistanı komandası və İsrail dövləti Donald Trampın yenidən prezident seçilməsini arzulayırlar”.

Bu fikirləri Reyting.az-a şərqşünas alim Samid Bağırov ABŞ-da keçirilən prezident seçkilərinin ərəb coğrafiyasına, Azərbaycan və Türkiyəyə təsirlərindən danışarkən deyib.

Ekspertin fikrincə, C. Baydenin prezident seçilməsi Səudiyyə Ərəbistanı və İsrailə öz planlarını təxirə salan amil kimi görünür: “Digər tərəfdən, Bayden prezident seçiləcəyi təqdirdə İran və oxşar ölkələr ən azı yeni sərt sanksiyaların olmayacağını, Vaşinqtonun nüvə sazişi kimi beynəlxalq sazişlərə qayıtmasının mümkün olacağını düşünürlər”.

Şərqşünas alim qeyd edib ki, Türkiyə və Azərbaycanın məsələyə baxışı nisbətən fərqlidir: “Belə ki, Soros institutları və erməni lobbisinin təsir edə bildiyi Bayden komandası Trampdan fərqli olaraq gələcəkdə Qarabağla bağlı bir sıra siyasi problemlər yarada bilər”.

S. Bağırov əlavə edib ki, Bayden prezident seçilsə də, onun qərarvermə səlahiyyətinə hələ bir neçə ay qalıb və ona qədər ordumuz erməni silahlı qüvvələrini ölkə ərazisindən tamamilə çıxaracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər