Rusiya Ermənistanın hərbi cinayətlərinə göz yumur - Ekspert
Tarix: 07-11-2020 18:49 | Bölmə: Slayd
Rusiya Ermənistanın hərbi cinayətlərinə göz yumur

“Bu gün terrorçu və muzdlu mövzusu həm də yaxşı təzyiq alətinə çevrilib. Bu mövzunu şişirtməklə Azərbaycana siyasi baxımdan təzyiq etmək istəyirlər. Əslində hüquqi baxımından terrorçu ilə muzdlunun fərqli qiymətləndirməsi var. Terrorçu elə terrorçudur. Muzdlu isə tam başqa məsələdir. Məsələn, muzdlunun getdiyi ölkə buna görə məsuliyyət daşımır. Muzdluya görə daha çox məsuliyyəti onun vətəndaşı olduğu ölkə daşıyır. Və vətəndaşı olduğu ölkə həmin şəxsi cinayət məsuliyyətinə cəlb etməlidir”.

Bu fikirləri Reyting.az-a hərbi-siyasi ekspert Azad İsazadə deyib.

Xatırladaq ki, son dövrlər Azərbaycan Ordusunun qətiyyətli hərbi əməliyyatları bəzi ölkələrdə ciddi qısqanclıq yaradır. Həmin ölkələr göstərmək istəyirlər ki, guya Azərbaycan ərazilərini nizami ordumuz deyil, hansısa “mücərrəd əcnəbi döyüşçülər” azad edir. Bu mənada Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın fikirləri təəssüf yaratmaya bilməz.

M. Zaxarova iddia edir ki, terrorçu-muzdlular Qarabağ bölgəsinə gəlib. O, ad çəkməsə də, bununla əslində, əsassız olaraq Azərbaycana işarə edib. Elə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin də bu məsələdə fəallıq göstərərək Mariya Zaxarovanın dediklərini bir qədər də möhkəmləndirib. Görünən budur ki, Rusiyanın bəzi dairələri köməksiz vəziyyətə düşən, Azərbaycan Ordusunun zərbələri nəticəsində darmadağın olan Ermənistanı hansısa formada müdafiə etməyə çalışırlar.


A. İsazadə

Azad İsazadə isə deyir ki, bir ölkədən vuruşmaq üçün başqa ölkəyə gələnlər muzdlu sayılır: “Belə muzdlulardan Ermənistan tərəfindən istifadə edildiyi gizlədilmir. Deyirlər ki, bunlar ermənidirlər və gəliblər “tarixi torpaqlarını” müdafiə etməyə. Bunlar Fransa, ABŞ və Rusiyanın vətəndaşlarıdır. Sonuncu belə partiya Ermənistana Abxaziyadan gəlib. Rusiya rəsmiləri buna diqqət etməlidir. Çünki bunlar mücərrəd informasiya deyil, real faktlardır”.

Ekspert əlavə edib ki, Abxaziyada vuruşan insan Gürcüstan dövləti üçün separatçıdır, Rusiya üçün müttəfiqdir, Ermənistan üçünsə sadəcə ermənidir və erməni olduğu üçün köməyə gəlib: “Baxın, görün burada terrorçu və ya muzdlu anlayışı necə dəyişə bilir. Bu mənada əslində terrorçu və ya muzdlu anlayışı şərti işlənir.

Cənab Narişkin guya Türkiyənin Suriyadan “gətirdiyi” şəxsləri ekstremist-islam cihadçıları adlandırır. Halbuki Suriyanın özündə Türkiyə heç bir cihadçı-ekstremist dəstələrini dəstəkləməyib. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu və onun tərkibində döyüşən türkmanlardır. Onlar ekstremist deyil, sadəcə, Bəşər Əsədə qarşı vuruşurlar. Məncə, bu mövzuda bilərəkdən terminləri dəyişdirir və Azərbaycana qarşı istədikləri anlayışı ortaya qoymağa çalışırlar. Belə arqumentləri götürsək, əslində yüzlərlə terrorçu və muzdlu Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşur. Amma hansısa səbəbdən onlar yada düşmür. İstər PKK, istərsə də erməni millətindən olan xarici döyüşçülər... Etika tələb edir ki, ya iki tərəf ittiham edilməlidir, ya da nəzəri baxımdan terminlər düşünülmüş formada dezinformasiya məqsədilə dəyişdirilməməlidir. Məqsəd isə siyasi təzyiqdir.

Aydındır ki, müharibə uzun çəkməyəcək, Artıq Azərbaycan qələbə çalır. Amma muzdlu mövzusu uzun müddət gündəmdə qala bilər”.

A. İsazadə maraqlı bir fakta da diqqət yönəldib: “Kifayət qədər muzdlu zamanında Bosniya tərəfində vuruşub. Onların arasında Çeçenistan, Əfqanıstan və ərəb ölkələrindən də döyüşçülər olub. Onların əksəriyyəti sonradan beynəlxalq axtarışa verilib. Amma o zaman Qərb Bosniyanın tərəfində olduğundan bu muzdlulara göz yumurdu. Bu əcnəbi döyüşçülər indiyə qədər Bosniyanın kəndlərində yaşayır. Bosniya hökuməti isə onları heç kimə təhvil vermir. Deyir ki, ola bilsin, onlar terrorçu sayılır, amma bizim ölkəmiz üçün qəhrəmandır. Bosniya hökuməti sadəcə, bu döyüşçülərdən tələb edib ki, siyasətə qoşulmasınlar və şəhərlərdə yaşamasınlar. Kəndlərdə isə özləri necə istəyir, elə də yaşasınlar.

“Muzdlular” əslində şərti anlayışdır. Elə götürək, II Dünya Müharibəsində partizan və terrorçu anlayışını. Sovetlər üçün partizanlar vətən və torpaq uğrunda döyüşən qəhrəmanlar, almanlar üçünsə terrorçu və təxribatçılar idi”.

Sonda A. İsazadə deyib ki, Azərbaycanda vətən uğrunda nizami ordu savaşır, hər hansı bir muzdludan söhbət gedə bilməz: “Amma bir daha xatırladım ki, Ermənistanda belə muzdlular kifayət qədərdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər