Yaqub Məmmədov: “Ermənilər sülh danışıqlarına gəlməsələr...”
Tarix: 09-11-2020 18:21 | Bölmə: Slayd
Yaqub Məmmədov: “Ermənilər sülh danışıqlarına gəlməsələr...”

“Bütün müharibələrin sonu - hansı tərəfin qələbə qazanmasından asılı olmayaraq danışıqlarla bitməlidir. Erməni tərəfi də məcbur olub danışıq masasında əyləşməlidir. Onların başqa çıxış yolu yoxdur. Müharibə və düşmənçilik əbədi ola bilməz. Biz yerdə qalan torpaqlarımızı düşməndən azad etdikdən sonra onlar məcbur olub danışıqlara gələcəklər. Ola bilsin ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versin, iqtidara yeni gələnlər danışıqlara getməyə məcbur olacaq. Sülh müqaviləsi bağlanmalıdır. Bağlanmasa, özlərinə ziyan olacaq”.

Bu sözləri Reyting.az-a Azərbaycan Ali Sovetinin (Milli Məclis) keçmiş sədri (1992-ci il), bir müddət prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov deyib.

Y. Məmmədov əlavə edib ki, Ermənistan rəhbərliyinin sülh danışıqlarına gəlməkdən savayı alternativi yoxdur: “Biz onsuz da müharibəni udmuşuq, torpaqlarımızı işğaldan azad etmişik və hazırda da edirik. Sülh olmasa Dağlıq Qarabağda bir erməni də qalmayacaq, hamısı gedəcək. Odur ki, ağılları olsa, sülhə gələrlər. Amma danışıqlara gəlməsələr, Azərbaycanın dediklərini qəbul etməsələr, hər hansı statusdan söhbət belə gedə bilməz.

Düzdür, bizim prezident çox humanist insandır. Çıxış və müsahibələrində açıq şəkildə deyir ki, azərbaycanlı məcburi köçkünlərin ora qayıtması şərti ilə Qarabağda olan ermənilərin təhlükəsizliyinə təminat veririk. Ancaq hələlik onlar bu məsələyə münasibətlərini açıqlamırlar. Yenə də illüziya ilə yaşayırlar, iddia edirlər ki, Dağlıq Qarabağ onlarındır, “müstəqil” olacaqlar və s. Amma bunların hamısı boş söhbətdir. Ya şərtlərimizi qəbul etməlidirlər, ya da Qarabağdakı bütün ermənilər getməlidir”.

Professor düşünür ki, Paşinyanın səhv siyasəti nəticəsində müharibə başladı, itkilər oldu: “Bütün bunlar onun avanturist addımlarından doğdu. O, qeyri-real siyasət aparırdı və müharibəyə səbəb oldu. Hərçənd, bu əraziləri danışıqlar vasitəsilə Azərbaycana verməli idi. Amma çox böyük və qaba hərəkətlərə yol verdi, Qarabağın onların torpağı olduğuna iddia etdi. Mən inanıram ki, erməni xalqı onu sorğu-suala çəkəcək”.

Y. Məmmədov sonda qeyd edib ki, bəlkə də Paşinyan xarici ölkələrin agentidir, ondan istifadə edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər