14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Paşinyan reallığı dərk etməyə başlayır - Partiya sədri
Tarix: 24-08-2021 15:35 | Bölmə: Slayd
Paşinyan reallığı dərk etməyə başlayır

“Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün öz ölkəsinin parlamentində hökumətinin yaxın illər ərzində həyata keçirəcəyi proqramı təqdim edərkən Ermənistan-Azərbaycan dövlət sərhədlərində delimitasiya və demarkasiya prosesinin tez bir zamanda aparılmasını, bu zaman SSRİ xəritəsinin əsas götürülməsinin vacibliyini dilə gətirməsi əslində pozitiv açıqlamadır. Ancaq bunun növbəti erməni məkiri və ya reallığın başa düşülməsi fonunda deyilməsini müəyyən etmək çətindir”.

Bu fikirləri Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin müəyyən edilməsinə dair fikirlərini şərh edərkən bildirib.

Partiya sədri qeyd edib ki, artıq N. Paşinyan reallığı dərk etməyə başlayır: “Fikrimcə, o, real vəziyyəti, Azərbaycanla münasibətləri qaydaya salmadan Ermənistanın ləyaqətli gələcəyi olmadığını dərk edir. Amma dünyada erməni saxtakarlığı deyilən anlayış da var. Mən istisna etmirəm ki, onlar sovet xəritələrini saxtalaşdıra, öz işlərini görə və bundan sonra deyə bilərlər ki, gəlin, bu xəritə əsasında iş görək. Bunu mümkün sayıram, eyni zamanda bu məsələ problemli ola bilər. Çünki həmin xəritələrin əsli Rusiyada saxlanılır. Ən azından ermənilərin əlində olan xəritələri Rusiyada saxlanılan xəritələrin əsli ilə müqayisə etmək olar. İnanaq ki, Paşinyan belə uğursuz oyunlara girmədən reallığı dərk etməklə dövlət sərhədlərinin müəyyənləşdirilməsində maraqlıdır”.

Siyasətçi əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədləri müəyyənləşməsə, bu zaman Ermənistanın vəziyyəti yaxşı olmayacaq: “Əsas reallıq bununla bağlıdır. Sərhədlər müəyyən edilmirsə, deməli, kommunikasiyalar da açılmır. Bundan da ziyan çəkən tərəf Ermənistan olur”.

Q. Əlibəyli ehtimal edir ki, Paşinyan Rusiyanın razılığı olmadan da sərhədlərin müəyyənləşdirilməsinə dair müstəqil fikirlər işlədə bilər: “Paşinyan daha çox kələk gəlmək niyyətində olan və Qərbə meyl edən siyasətçidir. Mümkündür ki, bundan əvvəl görüşlər zamanı müəyyən razılıqlar əldə olunub. Sərhədlərin müəyyənləşməsi Rusiyanın özü üçün də sərfəlidir. Moskva bu prosesdə moderator kimi iştirak edə, tərəflərə hətta minnət də qoya bilər”.

Q. Əlibəyli diqqətə çatdırıb ki, bu prosesdə əsas məsələ Qarabağın ermənilərin nəzarəti altında olan ərazisidir: “Hesab edirəm ki, Qarabağın sərhədlərin delimitasiya məsələsinə hər hansı aidiyyəti yoxdur. Bu işlə rus sülhməramlıları məşğuldur. Yəni bu, Ermənistanla deyil, birbaşa Rusiya ilə bağlı məsələdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər