14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Hərbi hospital Eldar Həsənovun müalicəsindən imtina edir - Vəkil
Tarix: 26-08-2021 17:22 | Bölmə: Slayd
Hərbi hospital Eldar Həsənovun müalicəsindən imtina edir

Azərbaycanın keçmiş səfiri və eks baş prokuror Eldar Həsənovun DTX-nin hərbi hospitalında müalicəsi dayandırılıb. O, yenidən İstintaq Təcridxanasına köçürülüb və burada ona heç bir tibbi yardım göstərilmir. Reyting.az “Turan”a istinadla xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.

C. Cavadov “Facebook”da yazıb: “Azərbaycan Baş Prokurorluğu E. Həsənov barəsində cinayət işinin məhkəməyə göndərildiyini bildirdikdən sonra o, avqustun 16-da öz vəkili vasitəsilə bəyanat yayıb.

Növbəti gün – avqustun 17-də səhər onun müalicəsi dayandırılıb və heç bir izahat vermədən Həsənovu İstintaq Təcridxanasına qaytarıblar. Bundan sonra heç bir müalicə aparılmır və onun vəziyyəti yenidən pisləşir”.

Vəkil bildirib ki, AİHM və Azərbaycan hökuməti arasında Həsənov barəsində Avropa Məhkəməsinin Sağlamlıq vəziyyəti ilə əlaqədar aralıq tədbirlər Qaydalarının 39-cu maddəsinin tətbiq edilməsi ilə bağlı əlaqələr davam etdirilir.

Bu zaman AİHM-də Azərbaycan adından çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov avqustun 20-də Strasburq Məhkəməsinə yazaraq, Həsənovun hospitalda müalicədə olduğunu və guya “vəziyyəti manipulyasiya etdiyini” bildirib. Əsgərov AİHM-dən aralıq tədbirləri dayandırmağı xahiş edib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi AİHM-ə müvafiq cavab göndərib və Strasburq Məhkəməsinin adekvat reaksiyasına ümid bəsləyir.

Xatırladaq ki, avqustun 16-da Həsənov bəyanatla çıxış edərək, bütün ittihamları təkzib edib, hakimiyyətdə adını açıqlamadığı iki şəxsin ona atdığı böhtanın qurbanı olduğunu bildirib. Həsənov həmçinin istintaqın qərəzli olmasından və ona vaxtlı-vaxtında tibbi yardım göstərilməməsindən, nəticədə vəziyyətinin kəskin şəkildə pisləşməsindən şikayətlənib.

Qeyd edək ki, bir müddət əvvəl Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğasında ağır xəstəliklə əlaqədar hərəkət edə bilmədiyini bildirib. İyunun 2-də o, Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən məqsədinə uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı CM-in 3 maddəsi: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illərdə Rumıniyada, Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Azərbaycanın səfiri vəzifəsində işlədiyi dövrdə vəsaiti oğurlamaqda və mənimsəməkdə ittiham olunur. Söhbət səfirlik binalarının təmiri və alınması zamanı 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.




Bölməyə aid digər xəbərlər