14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Orduya əmr verilib - Əsgərlərimiz təxribatçılara atəş açacaq
Tarix: 31-08-2021 16:58 | Bölmə: Slayd
Orduya əmr verilib - Əsgərlərimiz təxribatçılara atəş açacaq

“2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşma ilə müharibə dayandı və hər iki orduya əmr verildi ki, atəş açılmasın. Hətta əlbəyaxa toqquşmalar da olurdu, əsgərlərimiz işğalçıları ərazilərimizdən təpikləyib qovurdular. Əsgərlərimizin əlində avtomat silah olsa da, atəş açmırdılar. Belə vəziyyət təxminən yay ayına qədər davam edirdi. Çünki ümumi razılaşma belə idi ki, atəş açılmasın, təxribatlar törədilməsin və insan itkiləri olmasın”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə dünən Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirədən danışarkən deyib.

Hərbi ekspert xatırladıb ki, təxminən bir ay əvvəl Ermənistanın Müdafiə naziri erməni əsgərlərə qarşı tərəfə atəş açmaq əmri verib. A. İsazadənin sözlərinə görə, Azərbaycan tərəfinin də buna adekvat cavabı olmalı idi:

“Həmin Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə qərar qəbul edilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingeninin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qarşı tərəfin təxribatlarına adekvat cavab verilsin. Bu, olduqca vacibdir. Əlbəttə, buna qədər də qarşı tərəfin hərəkətinə cavab verilib və adekvat atəş açılıb”.

Azad İsazadə əlavə edib ki, bu qərar daha çox Qarabağ bölgəsi ilə bağlıdır. O, buna səbəb kimi Sərhəd Qoşunlarının nizamnaməsini göstərib:

“Sərhəddə Sərhəd Qoşunlarımız dayanır. Sərhəddi müdafiə edən zaman xüsusi əmr lazım deyil. Sərhəd naryadı sərhəddin hansı istiqamətində durmasından asılı olmayaraq atəşi istənilən an aça bilər. Onların nizamnaməsi bunu tələb edir. Sərhədçi, pozucu gördükdə bir atəşi havaya açır, xəbərdarlıq edir. Daha sonra ona tabe olmayan sərhəd pozucusuna atəş aça bilər.

Deməli, burada biz Qarabağ bölgəsində, xüsusilə rus sülhməramlıların durduğu ərazilərdən təxribat gözləyə bilərik deyə, belə bir əmr verilib. Belə əmr vermək faktiki döyüş hazırlığı nümunəsidir. Yəni biz istisna etmirik ki, hansısa təxribat, o hissədən hücumlar ola bilər. Azərbaycan Ordusunun o istiqamətdə yerləşən postlarındakı hərbçilərimiz bunun üçün daha əmr gözləməməlidir, artıq əmr verildi”.

Hərbi ekspert əlavə edib ki, düşmən təxribata cəhd edəcəksə, onu zərərsizləşdirməli olacağıq. “Göründüyü kimi, Azərbaycan Ordusu təxribat törətmir, qarşı tərəfdə dayanan orduya atəş açmır. Amma açılan atəşə cavab verir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər