14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
İran Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkməlidir
Tarix: 18-09-2021 13:36 | Bölmə: Slayd
İran Azərbaycana qarşı ikiüzlü siyasətindən əl çəkməlidir

“Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində gömrükçülərimizin, polislərimizin və Dövlət Sərhəd Xidmətinin post qurması doğru və bəlkə də gecikmiş addımdır”.

Bu sözləri Reyting.az-a Azərbaycanın sabiq prezidentinin köməkçisi, siyasi şərhçi Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin dekabr ayında Azərbaycan Qubadlı və Zəngilan ərazisində Ermənistanla sərhədlərinə çıxıb.

O. Qasımov əlavə edib ki, hələ SSRİ zamanı Qafan-Gorus yolunun 21 kilometrlik hissəsinin Azərbaycan ərazisindən keçdiyi bəlli idi:

“Azərbaycan 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi, bölgədə sülh və əməkdaşlıq mühitinin formalaşması üçün xoş məram nümayiş etdirdi. Ermənistanla razılaşma belə oldu ki, Azərbaycan öz ərazisində Ermənistana hərəkətin davam etməsi üçün Ermənistan vətəndaşlarının hərəkətinə imkan verir. O zaman razılıq belə idi ki, həmin 21 kilometrlik ərazidə Azərbaycan sərhədçiləri ilə yanaşı rus sülhməramlıları da patrul xidmətində olacaqlar. Amma Ermənistanın həm 10 noyabr, həm də 11 yanvar tarixli razılaşmaların yaratdığı öhdəlikləri yerinə yetirməsini ləngitməsi və xüsusilə son dövrlər Laçın dəhlizi vasitəsilə Xankəndiyə qanunsuz yüklərin daşınması, erməni hərbi qüvvələrinin Qarabağa gətirilməsi, habelə qonşu İranın tərəfimizdən xoşməramlı münasibətə baxmayaraq, Azərbaycanın süverenliyini pozaraq Xankəndi şəhərinə müxtəlif yükləri daşıması müşahidə edilirdi. Bu səbəbdən Azərbaycan avqust ayında Tehrana nota verdi, bu əməllərə son qoyulmasına çağırış etdi. Amma İran tərəfi bundan sonra sanki qəsdlə bu fəaliyyətini davam etdirdi. Azərbaycan da qəti addım ataraq ərazisindən keçən hissədə post qurdu. Bundan sonra orada yoxlamalar başlandı ki, bu da tam qanunidir”.

Bundan sonrakı proseslərin hansı istiqamətdə gedəcəyindən də danışan O. Qasımov bildirib ki, Azərbaycan öz ərazilərinin müdafiəsini və süveren hüquqlarını daha da möhkəmləndirəcək: “Azərbaycanın süveren hüquqlarına kobud müdaxilələrə qarşı adekvat addım atacaq. Azərbaycanın dövlət qurumlarının məsələyə münasibəti və konkret hərəkətlər də bunu göstərir”.

Siyasi şərhçi əlavə edib ki, yaranmış vəziyyətlə bağlı erməni cəmiyyətində və siyasi mühitində hansısa haray-həşirlərə baxmağa dəyməz: “Erməni cəmiyyətində real yanaşmanı yenə də Paşinyan sərgilədi. Bildirdi ki, bu, Azərbaycanın süveren hüququdur və anlaşmanın şərtlərinə əks deyil. Məncə, bundan sonrakı mərhələdə İran və Ermənistan Azərbaycanın atdığı addımlardan nəticə çıxarmalıdır. İran ümumiyyətlə, Azərbaycana qarşı hiyləgər və ikiüzlü siyasətindən əl çəkməlidir. Müsəlman təəssübkeşliyi, din və məzhəb qardaşlığı kimi yalançı bəyanatlarını saxlamalıdır. Özünü müsəlmanlara qardaş sayan bu dövlət İslam dinini təhqir edən, müxtəlif terror və vandalizm aktları törədən Ermənistana köməyini dayandırmalıdır”.

O. Qasımov bildirib ki, Azərbaycan İran-Ermənistan münasibətlərinin əleyhinə deyil. Sadəcə, bu əməkdaşlıq və birgə fəaliyyət Azərbaycanın milli maraqlarına və süverenliyinə, yeni işğalçılıq siyasətinə yönəlməməlidir: “Düşünürəm ki, İran bundan nəticə çıxarmalıdır. Nəticə çıxarmayacaqsa, Azərbaycanın da münasibəti adekvat olacaq. İran 30 ildir ki, Azərbaycana qarşı yürütdüyü məkrli, hiyləgər və ikiüzlü siyasətindən əl çəkməli, nəhayət doğru-dürüst, Azərbaycan tərəfindən irəli sürülən normal qonşuluq və əməkdaşlıq münasibətləri qurmalıdır. Əgər İran bu prosesdə özünün son 30 ildəki mənfi rollarını davam etdirmək istəyirsə, biz bunu cəmiyyətə açıqlaya bilərik. 1992-ci ildə Şuşanın işğalı zamanı Tehran danışıqlarından tutmuş son illərə qədər Ermənistana və ərazimizdəki separatçılara verilən dəstəyə, orada qurulan müdafiə xətlərində - bunkerlərin tikintisində iranlı mütəxssislərin iştirakına, həmin ərazilərdən narkotranzitə qədər bir çox məsələləri gündəmə gətirə bilərik. Sadəcə, Azərbaycan bunu istəmir və çalışır ki, ikitərəfli münasibətlər normal axarda davam etsin, irəliləsin”.

O. Qasımov xatırladıb ki, Azərbaycan müttəfiqləri ilə özünün gücünü və imkanlarını artırmaqdadır: “Azərbaycan bütün ərazisində süverenliyini bərpa etməkdə qərarlıdır. Bundan sonrakı davranışlar da buna uyğun olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər