Araz Əlizadə: “Azərbaycanın səbr kasasını daşırmaq lazım deyil”
Tarix: 21-09-2021 15:38 | Bölmə: Slayd
Araz Əlizadə: “Azərbaycanın səbr kasasını daşırmaq lazım deyil”

“Hərbi təlimlər keçirmək hər bir dövlətin öz işidir, hüququdur. Buna normal münasibət bəsləmək lazımdır. Əsas olan odur ki, dövlət sərhəddimizi keçməsinlər və bizə qarşı mübarizə aparmaq haqqında düşünməsinlər. Yoxsa biri deyir ki, Azərbaycana güc nümayişi etdirirlər, digəri başqa bir söz söyləyir...”.

Bunu Reyting.az-a İranın Azərbaycanla dövlət sərhəddinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsindən danışan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədri İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə əsas səbəb kimi Tehranda hakimiyyətə yeni simaların gəlişini göstərir.

İranın həm Azərbaycan, həm də Ermənistanla əlaqələrə malik olduğuna diqqət çəkən A. Əlizadənin fikrincə, cənub qonşumuzun maraqları Azərbaycanla normal münasibətlər saxlamağı və əməkdaşlığı tələb edir: “Görəsən İranın yeni rəhbərləri bunu dərk edirmi? Hesab edirəm ki, İran tərəfi bu məqamı bir daha götür-qoy etməlidir. Regionda güclü tərəf biz, məğlub tərəf Ermənistandır. Buyurub güclünün, yoxsa məğlubun tərəfində olmağı düşünsünlər”.

A. Əlizadəyə görə, İran-Azərbaycan münasibətlərinin gərgin olmasının tarixi 30 il əvvələ gedir. Onun sözlərinə görə, o zaman Azərbaycanda hakimiyyətdə olanlar İrana kifayət qədər çamurlar atıb: “Görünən odur İran tərəfi bunu bağışlaya bilmir. İndiki Azərbaycan hakimiyyəti İranla düzgün siyasət aparır, əməkdaşlıq və mehriban qonşuluq siyasətini irəli sürür. Amma görünür, İranın bəzi siyasətçiləri əvvəl olanları unuda bilmirlər və dəvə kimi kinlidirlər”.

İranın son addımlarının Azərbaycanda ciddi etirazla qarşılanması, bir sıra tanınmış şəxslərin bu səbəbdən İranı tənqid etməsinə A. Əlizadə normal yanaşır və düşünür ki, demokratiya olduğu üçün insanlar fikirlərini bildirməkdə azaddır: “Buna da normal yanaşmaq lazımdır. Əsas odur ki, iki qonşu ölkə arasında gərginliyi aradan qaldırmaq lazımdır. Bunun üçün də İranda hakimiyyətdə olanlar anlamalıdırlar ki, Azərbaycan səbr nümayiş etdirir və səbr kasasını daşırmaq İrana lazım deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}