14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Əsrə bərabər il
Tarix: 28-09-2021 10:44 | Bölmə: Slayd
Əsrə bərabər il

2020-ci ilin 27 sentyabrı müasir Azərbaycan tarixinin ən məsul, gərgin, həyəcanlı, əsəblərin tarıma çəkildiyi gün kimi yaddaşlarda həkk olunub. Həmin gündən ötən bir il, Azərbaycan xalqını dünyaya tamamilə başqa tərəfdən tanıdıb. Uzun illər ərzində düşmənlərin çirkin kampaniyası nəticəsində xalqımız barədə formalaşmış stereotiplər artıq dəyişib. Eyni zamanda dünya erməniliyinin və onların havadarlarının tarixi saxtalaşdırmaqla yaratdıqları mifik illuziyalar darmadağın edilib. “Məğlubedilməz ordu”, “Hər bir erməni döyüşçüdür”, “Sivilizasiyanın beşiyində duran ən qədim millət” imici cəmi 44 gün ərzində puç olub. 44 günlük müharibə bunların yalan olduğunu təsdiqləyib.

Ancaq etiraf etməliyik ki, Ermənistanın arxasında duran, açıq və gizli dəstək verən, dünya siyasətində həlledici rola malik olan kifayət qədər dövlətlər var. Belə olmasaydı kiçik, iqtisadi cəhətdən inkişaf etməmiş, diasporadan və xarici dövlətlərdən alınmış ianələr hesabına yaşayan bir ölkə Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlaya bilməzdi. Eyni zamanda qonşu ölkələrə, ələlxüsus da Türkiyə kimi qüdrətli bir dövlətə qarşı əsassız ərazi iddiaları irəli sürməzdilər.

Ermənistan kimi kiçik bir dövlət 100 ildən artıqdır ki, beynəlxalq güclərin dəstəyi ilə dünyanın çoxsaylı ölkələrində terror aktları təşkil edir, diplomatları qətlə yetirir, iri media resurslarını və siyasətçiləri satın alır, heç zaman olmamış saxta erməni soyqırımının tanınması haqda qanunlar qəbul etdirir. Hətta faşist əlaltıları olan daşnak ermənilərə abidələr ucaldılır.

Ermənilər bəşər sivilizasiyasının əksər nailiyyətlərini, bir çox millətlərin yaratdıqları maddi və qeyri-maddi sərvətləri mənimsəməklə, beynəlxalq təşkilatlara yalan məlumatlar ötürürlər. Əgər onların törətdikləri cinayətlərin cüzi hissəsini hansısa digər millət etsəydi, heç şübhəsiz, beynəlxalq birlik belə kaprizlərə dözməzdi. Təbii ki, bütün bunların kökündə ilk növbədə türkəfobiya, islamafobiya, böyük dövlətlərin geosiyasi təsirlər uğrunda mübarizəsi, ikili standartlar və xristian təəssüfkeşliyi dayanır. Məhz bu amillər torpaqlarımızın azad olunmasını ləngitdi və ermənilərə 30 il özlərini başqalarının hesabına qəhrəman kimi göstərməyə imkan verdi.

Qələbəni şərtləndirən səbəblər

SSRİ dağıldıqdan sonra milli zəmində əsasən 4 respublikada münaqişə ocağı yaradıldı. Qarabağ, Krım, Luqansk, Abxaziya, Cənubi Osetiya, Pridnestrovye... Onların arasında isə ən mürəkkəbi Qarabağ problemi hesab olunurdu. Qeyd olunan ikili standartlara görə, bəzi beynəlxalq təşkilatlar hətta digər münaqişələrdən Qarabağ problemini fərqləndirir, birmənalı şəkildə Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana gəldikdə isə problemin Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyindən danışırdılar. Minsk qrupu isə imitasiyadan başqa heç bir ciddi fəaliyyəti ilə yadda qalmadı.



Azərbaycanın qələbəsini şərtləndirən səbəblərə gəldikdə, bunlar aşağıdakılardır:

Birinci şərt: Azərbaycan dövlətinin iqtisadi inkişafı, iqtisadiyyatın imkanlarından yararlanaraq güclü, ən müasir silahlara, döyüş texnikasına və infrastruktura malik ordunun yaradılması.

İkinci şərt: torpaqlarımızın itirilməsinə, milyona yaxın qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, döyüş ruhunun qorunub saxlanması, xüsusilə gənclər arasında vətənpərvərlik işinin düzgün aparılması. Ölkədə ictimai-siyasi sabitliyin qorunması.

Üçüncü şərt: milli maraqlara söykənən xarici siyasət və diplomatiya. Beynəlxalq təşkilatlarla və müxtəlif qitələrdən olan dövlətlərlə aparılan çoxtərəfli və ikitərəfli əməkdaşlıq, o cümlədən parlamentlər səviyyəsində. Nəticədə əksər universal və regional təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbulu. 10-dan çox ölkə tərəfindən erməni vəhşiliklərinin, Xocalı qətliamının tanınması.

Ən əsas şərt isə bu siyasəti, onun strateji və taktiki cəhətlərini müəyyənləşdirən, həyata keçirən Azərbaycan prezidenti İlham Əliyev kimi liderin olmasıdır. Xalqımızın belə bir liderinin olması 200 il ərzində itirdiklərimizi cəmi 44 gündə geri qaytarmaqla yanaşı, onun timsalında real şəraitdə azərbaycanlının və erməninin nəyə qadir olduğunu təsdiqlədi.

Münhen Təhlükəsizlik Konfransında hər dəfə erməni dövlət başçılarının prezident İlham Əliyevlə açıq debatın keçirilməsi təklif olunurdu. Ancaq həm Robert Köçəryan, həm də Serj Sarkisyan İlham Əliyevlə debatdan yayınırdılar. Gözlənilmədən Nikol Paşinyan razılıq verdi və məhdud düşüncə tərzi, dünya görüşü ilə biabır oldu. Bu onun birinci və axırıncı debatı oldu. Çox güman ki, bir daha İlham Əliyev kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemini, geosiyasi reallıqları, tarixi prosesləri yüksək səviyyədə mənimsəmiş şəxslə açıq mübarizəyə girməz.

Müharibədən qaçmaq mümkün idimi?

2018-ci ildə Ermənistanda siyasi hakimiyyət dəyişdi. Rəngli inqilab nəticəsində Sorosun maliyyə dəstəyi ilə Paşinyan və qərbyönümlü komandası hakimiyyətə yiyələndi. Açığı, kriminal Qarabağ separatçılarının 20 illik hakimiyyətindən və Ermənistanı dilənçi vəziyyətinə salmış Köçəryan və Sarkisyandan sonra, problemin həlli istiqamətində yeni hakimiyyətdən müsbət gözləntilər var idi. Düşənbə sammitində Paşinyan prezident İlham Əliyevdən hakimiyyətini möhkəmlətmək üçün müəyyən vaxt istəmişdi. Daha sonra isə Qarabağa səfər etdi. Erməni separatçıları və hərbiçiləri müqavimət xəttində görülmüş işləri və məşhur “Ohanyan səddini” ona göstərdilər. Nümayiş olunanlardan cuşa gələn Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” və “Bir sm-də torpaq qaytarılmayacaq”,- bəyanatlarını verdi.

ABŞ-da səfərdə olan Ermənistanın müdafiə naziri Tonoyan “Yeni ərazilər uğrunda - yeni müharibə” tezisini müdafiə etdi. Paşinyan isə həyat yoldaşını və digər erməni qadınları Qarabağda karikatur hərbi təlimlərə cəlb etdi. Anna da öz səviyyəsində olan həyat yoldaşından geri qalmayaraq hörmətli Mehriban xanım Əliyevanı Şuşaya, muğama qulaq asmağa dəvət etdi. M. Əliyeva Şuşaya getdi və muğam dinlədi. Ancaq primitiv düşüncə sahibi olan erməni qadınının sözlərinə reaksiya vermədi.

Qarabağdakı “seçkilərin” nəticəsi olaraq “inaqurasiya” mərasiminin ilk dəfə Şuşada keçirilməsi, orada “parlament” binasının tikintisinə başlanılması, Paşinyanın Cıdır düzündə sərxoş halda “yallı” getməsi küçədən hakimiyyətə gəlmiş təsadüfi insanların eyforiyası idi. Onlar düşünürdülər ki, böyük dövlətlərin tam himayəndəsindədirlər və Azərbaycan müharibəyə başlamağa cürət etməz.

Nəhayət, iyul ayında Tovuz rayonu istiqamətində ermənilər növbəti təxribatı törətdilər. Strateji neft-qaz kəmərlərini hədəfə almaqla, Azərbaycan iqtisadiyyatını çökdürmək planlarını işə salmağa cəhd etdilər. Artilleriya atəşlərindən sonra general Polad Həşimov və bir neçə hərbçimiz həlak oldu. Bu hadisə cəmiyyətdə qığılcım rolu oynadı. Pandemiya ilə əlaqədar sərt karantin rejiminə baxmayaraq, ölkənin bütün bölgələrində yüz minlərlə insan küçələrə axışdı.

Prezident İlham Əliyev BMT Baş Assambleyasında onlayn çıxış edərək, Ermənistanın təxribatları barədə ətraflı məlumat verdi və bunun regionun təhlükəsizlik sistemini ciddi təhdid etdiyi haqqında dünya birliyinə xəbərdarlığını çatdırdı. Təəssüflər olsun ki, dünya birliyi yenə susdu və prinsipiallıq göstərmədi.



27 sentyabrda səhər saatlarında erməni qoşunları cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimizi atəşə tutmağa başladılar. Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrə “İRƏLİ” əmrini verdi. Artıq müharibənin ilk günü düşmənin müdafiə xətti iki istiqamətdən yarıldı. Bir neçə kənd və strateji yüksəklik azad edildi. Ümumiyyətlə, qoşunlarımız 44 gün ərzində, hər gün bir neçə yaşayış məntəqəsini azad etməklə, düşmənə sarsıdıcı zərbələr vurur, bir addım da geri çəkilmirdi. Zərgər dəqiqliyi ilə hazırlanmış döyüş əməliyyatları nəticəsində, 30 il ərzində qurulmuş mürəkkəb mühəndis-istehkam qurğularına, çətin relyefə malik dağlıq şəraitə və hücum edən tərəf olmasına baxmayaraq, qəhrəman əsgərlərimiz ölümün gözünə dik baxaraq yalnız irəlilədi. Ən innovativ metodların və silahların tətbiq olunduğu döyüş əməliyyatları dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

Xarici təsirlər

Müharibənin ilk günlərindən qardaş Türkiyə və Pakistanın hərbi-siyasi rəhbərliyi bütün imkanları ilə, Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik, iki güclü dövlətin verdiyi mənəvi-siyasi dəstək, ölkəmizə yönəlik, Ermənistana himayədarlıq edən beynəlxalq güclərin neytrallaşmasında son dərəcə əhəmiyyətli rol oynadı. Özünün müasir silahlarını Ermənistana satmaqdan imtina edən İsrail dövlətini, mövqeyimizi dəstəkləyən Ukraynanı, ərazisindən silah daşınmasına imkan verməyən Gürcüstanı, BMT Təhlükəsizlik Şurasında tutduqları obyektiv mövqeyə görə Qoşulmama Hərəkatının bəzi üzvlərini, İngiltərəni minnətdarlıq hissi ilə xatırlamaq yerinə düşər. Müharibə ərəfəsində Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsləri ilə iki dəfə cəhd olundu ki, əvvəllər bu təşkilatın qəbul etdiyi qətnamələr ləğv edlsin və Azərbaycan əleyhinə qətnamələr qəbul olunsun. Güclü dövlətlər tərəfindən edilən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin müvəffəqiyyətlə sədrlik etdiyi Qoşulmama Hərəkatı və ikinci dəfə isə Böyük Britaniya buna imkan vermədi.



Bunlarla yanaşı, adını islam dövləti qoymuş cənub qonşumuzun düşmənə verdiyi hərtərəfli dəstək də unudulmamalıdır. İran beynəlxalq iqtisadi sanksiyalardan əziyyət çəkməsinə rəğmən, 30 il ərzində bütün mümkün imkanlarından istifadə edərək, işğalçı Ermənistan üçün nəfəslik rolunu oynadı. Yaxın Şərq ölkələrindən gələn erməni terrorçuları məhz bu ölkənin ərazisindən Qarabağa daxil olurdular. Müharibənin bitməsinə 5 gün qalmış, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanat isə riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan sürətlə cəbhədə irəliləyirdi və İran proseslərdən kənarda qalmışdı. Türkiyənin Rusiya ilə birlikdə tənzimləmə missiyasını həzm edə bilmirdi. Zəngəzur dəhlizinin açılmasına qarşı fəaliyyətləri, Ermənistan ordusunun yenidən qurulması, Qarabağa qanunsuz yüklərin daşınması, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinə qısqanclığı, bu ölkənin indiyə qədər qismən gizli siyasətinin görünən tərəfidir.

Qələbədə informasiya müharibəsi

Əksər ermənilər harada yaşamasından asılı olmayaraq, Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmaqla məşğuldur. Son 100 ildə özlərindən minlərlə yalanlar, saxta tarix və s. uydurublar ki, artıq özləri də bu yalanlara inanmağa başlayıblar. Yeni dünyaya gələn bütöv nəsillər heç bir tarixi faktlara söykənməyən nağıllarla təhsil və tərbiyə alıblar. Beləliklə, dünya ictimaiyyətinin lağ obyektinə çevrilmiş məşhur “erməni xəstəliyi” yaranıb.

Etiraf edək ki, ermənilər yalanlarının sənədləşdirilməsi istiqamətində xeyli iş görüblər. On minlərlə kitab çap etdirməkdən tutmuş, planetin hər bir guşəsində qəzet, jurnal, televiziya, internet resurslarına sahiblənib, müxtəlif media qruplarını, siyasətçiləri satın alıb, lobbi, diaspora təşkilatları yaradıblar. Güclü maliyyə vəsaitlərinə malik olan dünya erməniliyi , “erməni mifi”nin yaşaması üçün əllərindən gələni edir. Bunun nəticəsidir ki, hamilə qadınları, körpə uşaqları, yaşlı adamları amansızcasına qətlə yetirmələri ilə açıqcasına fəxr edən cəlladlar, dünyaya ən qədim, mədəni millət, mələk qismində təqdim olunur. Yerlə yeksan olunmuş Ağdamda, Füzulidə və işğal altında olmuş digər ərazilərdə qəbirlərin sökülərək meyitlərdən qızıl dişlərin çıxarılması, baş daşlarının Ermənistana daşınaraq yazılarının silinərək satılması, tarixi faktların xüsusi texnologiyalarla saxtalaşdırılması belə, erməni təbliğat maşınında fərqli məna kəsb edir.

Müharibənin ilk günlərindən erməni təbliğatı var gücü ilə, Azərbaycan tərəfdən müxtəlif ölkələrdən gəlmiş terrorçu qrupların vuruşması barədə yalanlar uydurmağa başladı. Fransa prezidenti Makron və bəzi ölkələrin siyasətçiləri də onlara qoşularaq, ölkəmizi terrorçularla əlbir olmaqda ittiham edib, dərhal müharibənin dayandırılmasını istədilər. Azərbaycan prezidenti İlham Əliyev Makronun zənglərinə və ittihamlarına layiqincə cavab verməklə, sübut və dəlil tələb etdi. Təbii ki, sübut yox idi və Makron özünü gülünc vəziyyətə saldı.

İnformasiya müharibəsində televiziyaların rolu çox böyükdür. Qonşu Rusiyanın federal kanallarında yayımlanan bəzi tok-şoular ermənilər və ermənipərəst qüvvələr tərəfindən ələ alınmış və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilirlər.

Müharibənin başlandığı ilk günlərdə “Rossiya” kanalında yayımlanan “60 dəqiqə” verilişində əvvəlcə Prezident İlham Əliyev, sonra isə Nikol Paşinyan canlı yayıma bağlandılar. On milyonlarla insanın izlədiyi verilişdə prezident Əliyev sərrast nitqi, soyuqqanlı şəkildə faktları sistemləşdirərək ardıcıllıqla sadalamaqla real vəziyyətin dəqiqliklə təsvirini yaratmaqla erməni təbliğatını alt-üst etdi.

Cəbhədə və diplomatik masada uğurlarımız artdıqca, düşmənlər daha da aqressivləşir, dünyanın nüfuzlu mətbuat nümayəndələrini, telekampaniyalarını, əksər hallarda ələ alınmış jurnalistləri ölkəmizə göndərirdilər. Gərgin iş qrafikinə, işin həddən ziyadə çox olmasına baxmayaraq, prezident Əliyev onları şəxsən qəbul edir, Azərbaycanın haqlı davasını dünyaya çatdırırdı. Təxminən 30-a yaxın mətbuat nümayəndəsi ilə saatlarla, səbr və təmkinlə izahat işi aparmaqla, hətta ən qərəzli, böhtan xarakterli suallara da cavab verirdi. Döyüş meydanında olduğu kimi, informasiya müharibəsinin də Baş Komandanı olmaqla, bir çox siyasətçilərə örnək oldu.

İnformasiya savaşında milli KİV-lə yanaşı, qardaş Türkiyə mediasının rolu xüsusi qeyd edilməlidir. Həm texniki imkanları, həm də yüksək peşəkarlıq nümunəsi göstərməklə, türkiyəli mətbuat işçiləri, gecə-gündüz operativ və obyektiv şəkildə bütün dünyaya əsil həqiqətləri çatdırmaqla Azərbaycan xalqının əbədi rəğbətini qazandılar.

Onların tam əksinə olaraq, nəhayət ki, müharibənin nəticələrinə həsr olunmuş mətbuat konfransında iştirak edən molla rejiminin təmsilçisi Azərbaycanı ittiham xarakterli sual verdi və cənab prezident onun əsil mahiyyətini ustalıqla üzə çıxardı. Çox maraqlıdır, 5 saata yaxın davam edən mətbuat konfransında iştirak edən mətbuat nümayəndələri Ali Baş Komandanı tarixi qələbə ilə təbrik edərək, suallarını səsləndirdikləri halda, üzünü çarşabla gizlədərək sual yox, təxribatçı çıxışı ilə seçilən o məxluqun niyyəti nə idi? Görəsən, onu və onun sahiblərini təşvişə salan nədir? Suallar ritorik də olsa, düşünməyə dəyər.

Müharibənin nəticələri

Müharibənin məsuliyyəti Ermənistan əvvəlki və hazırki hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Onlar törətdikləri cinayətlərin, Azərbaycanın tarixi-mədəni irsinə, iqtisadiyyatına, ekologiyasına vurduqları ziyana zamanın hökmü ilə cavab verəcəklər. Onlara dəstək verənlər isə Allah qarşısında cavab verməli olacaqlar.

Azərbaycanın çoxsaylı şəhidi və qazisi var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Müharibə itkisiz olmur.

Ötən bir il Azərbaycan xalqı həyatını müsbətə doğru dəyişdi, 30 il ərzində sınmış qürurunu bərpa etdi. Dövlətin beynəlxalq nüfuzu artdı, harada yaşamasına baxmayaraq, hər bir azərbaycanlıya hörmətlə yanaşılır.

Bölgədə yeni reallıqlar yaranıb. Türk dünyasının inteqrasiyası istiqamətində ciddi artımlar atılır. Vətəndaşlarımızın dövlətinə, gələcəyinə inamı artıb.

Bir çox inkişaf etmiş ölkələrin mütəxəssisləri Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarını 21-ci əsrin müharibəsi kimi qiymətləndirir. Hətta bəzi hərbi əməliyyatlar xarici ölkələrin hərbi məktəblərində tədris olunur.

Quruculuq

Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq müharibədən qalib çıxdı. Növbəti imtahan ermənilərin vəhşicəsinə xarabazara çevirdiyi əraziləri bərpa etmək, Qarabağın əsil sahiblərini öz yurdlarına qaytarmaqdır. Əsas çətinlik ondan ibarətdir ki, ərazilər sıx şəkildə minalanıb və tam təmizlənməsi üçün illər lazımdır. Vaxt isə yoxdur.

Prezidentin tapşırığı ilə qərargah yaradılıb. Xarici ölkələrdən ən müasir minatəmizləyən texnika alınıb, əlavə mütəxəssislər cəlb olunub. Paralel olaraq, infrastruktur layihələrinin icrasına başlanılıb, bir çox marşrutlar üzrə yeni yollar, tunellər çəkilir. İnzibati, yaşayış binaları inşa olunmağa, tarixi abidələrin bərpasına başlanılıb. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilir. Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşaası davam edir, dəmir yolları çəkilir.



Qarabağın ənənəvi mədəni həyatı yenidən canlanır. Artıq Şuşada “Xarı bülbül” festivalı, ermənilərin vəhşicəsinə dağıtdığı şair Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsi önündə poeziya günləri keçirilib.

Olduqca doğru addımdır ki, xarici ölkələri təmsil edən diplomatların, parlamentərilərin, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağa səfərlər təşkil olunur. Onlar öz gözləri ilə ermənilərin törətdikləri vəhşilikləri görürlər. Eyni zamanda Azərbaycanın qısa zaman kəsiyində gördüyü işlərlə tanış olur, təəccüblərini gizlətmir, xalqımızın nəyə qadir olduğuna şahidlik edirlər.

Bəli, bu imtahandan da Azərbaycan uğurla çıxacaq, dünyanı heyrətləndirməyi bacaracaq.

Yekunda son bir ilə həsr olunmuş yazını bütün bu qələbələrin memarı, Prezident, Ali Baş Komandan İlham Əliyevin bu fikirləri ilə tamamlamaq yerinə düşər: “Mən nəyi, necə, nə vaxt etməyi yaxşı bilirəm”.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı




Bölməyə aid digər xəbərlər