18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Dünya daha böyük müharibə təhlükəsi ilə üzləşib
Tarix: 27-07-2022 17:37 | Bölmə: Slayd
Dünya daha böyük müharibə təhlükəsi ilə üzləşib

Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla sona çatacağına ümid bəsləndiyi bir vaxtda dünyada yeni müharibə təhlükəsi yaranıb. İllərdir həll olunmayan Çin-Tayvan problemindən qaynaqlanan gərginlik daha da artır. ABŞ və Çinin qarşılıqlı bəyanatları isə böyük savaş riskini yüksəldir.

Reyting.az
xatırladır ki, 1949-cu ildə Çin Kommunist Partiyası (ÇKP) hakimiyyəti ələ keçirdikdən və Çin Xalq Respublikasının yaradılmasını elan etdikdən sonra Çan Kayşekin rəhbərliyi ilə Çin Millətçi Partiyasının (Kuomintag) üzvləri Tayvanda məskunlaşaraq, hakimiyyətlərini davam etdiriblər. Adada 1912-ci ildə qurulan Çin Respublikası müstəqilliyini elan edib. Çin ilə Tayvan arasında o vaxtdan ziddiyyət yaranıb. Çin Tayvanın onun ərazisi olduğunu iddia edir. Pekin hökumətinin 1971-ci ildə BMT Baş Assambleyasında Çinin yeganə qanuni nümayəndəsi kimi səs verməsi ilə Tayvanın beynəlxalq mövqeyi qeyri-müəyyəndir.

Bununla belə, Tayvanı müstəqil ölkə kimi qəbul edən və diplomatik əlaqələr quran bir çox ölkələr var. Çinin ən böyük düşmən saydığı ABŞ da bu ölkələrdən biridir. Tayvanın diplomatik himayədarı və eyni zamanda ən böyük iqtisadi dəstəkçisi olan ABŞ illərdir adaya silah, hərbi texnika və hərbi təlim yardımı edir.

Yaranmış vəziyyət onsuz da gərgin olan Çin-ABŞ münasibətlərini qırılma nöqtəsinə yaxınlaşdırır və Tayvanda uzunmüddətli müharibə qorxusunu artırır. Tayvanın Çinin genişmiqyaslı işğalına qarşı kütləvi hərbi hazırlığı son günlər qəzetlərin əsas yazısı olsa da, ABŞ-dan gələn xəbərlər həyəcanvericidir.


Nensi Pelosi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər planı Çini hiddətləndirib və Ağ Evdə ciddi geosiyasi məsələyə səbəb olub. Bəs bu nə qədər böyük problemdir?

Bazar ertəsi Çin xəbərdarlıq edib ki, Nensi Pelosi yaxın həftələrdə Tayvana səfər edərsə, bunun ciddi nəticələri olacaq.

Siyasi reytinqə görə ABŞ prezidentindən sonra ikinci yerdə olan Pelosi 1997-ci ildən özünü idarə edən adaya səfər etmiş ən yüksək rütbəli ABŞ siyasətçisi ola bilər.

Bununla belə, Çin özünü idarə edən Tayvanı nəhayət yenidən ölkənin bir hissəsinə çevrəcək separatçı əyalət kimi görür və buna nail olmaq üçün güc tətbiqini istisna etmir.

Potensial səfər təkcə Pekinin narahatlığına səbəb olmayıb. Kulisdən yayılan məlumatlara görə, Bayden administrasiyası öz partiyasının ən önəmli şəxslərindən olan siyasətçini bu səfərdən çəkindirməyə çalışır.

Keçən həftə ABŞ prezidenti Co Bayden jurnalistlərə “Hərbçilər bunun yaxşı fikir olmadığını düşünür”,- desə də, Ağ Ev Çinin belə bir səfərə qarşı çıxan ritorikasını “açıqca faydasız və lazımsız” adlandırıb.

Dövlət Departamenti Pelosinin heç bir səyahət bəyanatı vermədiyini və ABŞ-ın Tayvana yanaşmasının dəyişmədiyini bildirib.

ABŞ-da Tayvana güclü ikitərəfli dəstək var: biri Amerika xalqından, digəri ABŞ Konqresindən. Və 35 illik Konqres karyerası boyunca Pelosi Çinin ən şiddətli tənqidçilərindən biri olub.

N. Pelosi Çinin insan haqları vəziyyətini pisləyib, demokratiya tərəfdarları ilə görüşüb və 1989-cu il qırğınının qurbanlarının xatirəsini yad etmək üçün Tiananmen meydanını ziyarət edib.

Digər tərəfdən, Pelosinin orijinal planı aprel ayında Tayvanı ziyarət etmək olsa da, veteran siyasətçi həmin vaxt COVİD-19-a yoluxduğundan səfər ləğv edilmişdi.

Pelosi beynəlxalq diplomatik böhrana səbəb olan səfərin təfərrüatlarını müzakirə etmək istəməsə də, keçən həftə “ABŞ-ın Tayvana dəstək nümayişinin vacib olduğunu” bəyan edib.

Qeyd edək ki, Tayvanı Çin ərazisi hesab edən rəsmi Pekin lazım gələrsə, onu ilhaq etmək imkanını da dəfələrlə gündəmə gətirib. Çin rəsmiləri isə Tayvan və Vaşinqton arasında artan diplomatik əlaqəyə qəzəblərini gizlətmirlər. Aprel ayında altı ABŞ qanunvericisinin adaya gözlənilməz səfəri də bu məsələdə təsirli olub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Z. Lijian bazar ertəsi xəbərdarlıq edərək, Pelosinin səfərini davam etdirəcəyi təqdirdə ölkəsinin “sərt və qəti tədbirlər” görəcəyi ilə bağlı xəbərdarlıq edib. O, bütün məsuliyyətin ABŞ-ın üzərində olacağını bildirib.

Çin Müdafiə Nazirliyinin sözçüsü, hətta hərbi cavab ola biləcəyi ehtimalını da istisna etməyib.

“ABŞ tərəfi davam etməkdə israrlı olarsa, Çin ordusu heç vaxt səssiz qalmayacaq və istənilən xarici müdaxilənin və “Tayvanın müstəqilliyi” üçün separatçı cəhdlərin qarşısını almaq üçün güclü tədbirlər görəcək”,- polkovnik Tan Kefei deyib.

Onu da qeyd edək ki, bu ilki qurultayda Çin Kommunist Partiyası Si Cinpini üçüncü müddətə prezident seçməyə hazırlaşır.

Prezident Si ilə sonuncu dəfə mart ayında görüşən prezident Bayden isə, yaxın bir neçə gün ərzində Çin lideri ilə Tayvan və digər məsələlər də daxil olmaqla, bir sıra mövzularda telefonla danışacağını açıqlayıb.

Bu çağırış ABŞ rəsmilərinin Asiya-Sakit okean regionunda Çin ordusunun güclənməsi və Cənubi Çin dənizində “aqressiv və məsuliyyətsiz davranış” barədə xəbərdarlıq etdiyi bir vaxtda diqqət çəkib.

Pelosinin səfəri ilə bağlı qisas təhdidləri Çinin mümkün cavabı ilə bağlı narahatlıqları daha da artırıb.

2020-ci ildə ABŞ-ın o vaxtkı səhiyyə naziri Aleks Azar Tayvana uçduqda, Çin hava qüvvələrinin təyyarələri böyük maneə və təhlükə yaradaraq Tayvan boğazının orta xəttini keçib.

Keçən həftə Çinə məxsus “Global Times”in keçmiş redaktoru bunun Pelosi üçün “şokedici hərbi cavab” ola biləcəyini deyib.

“Pelosi Tayvana səfər edərsə, Xalq Qurtuluş Ordusu hərbi təyyarələri adaya daxil olmaq üçün Pelosinin təyyarəsini müşayiət edəcək və materikdən hərbi təyyarələrlə ilk dəfə adanın üzərindən tarixi keçid edəcək”, -redaktor H. Xijin bildirib.

İndiyədək Vaşinqtonun “strateji qeyri-müəyyənlik” siyasəti adaya böyük bir hücum olacağı təqdirdə ABŞ-ın Tayvanı necə müdafiə edəcəyi və ya onu necə qoruyacağına dair qəsdən qeyri-müəyyənlik yaratmaq üçün istifadə olunurdu.

N. Polesinin səfəri baş tutsa və Çin buna cavab versə, bu halda Ağ Evin tutacağı mövqe həm böyük maraq, həm də ciddi təhlükə yaradacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 08:22 NATO parçalana bilər