17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Təyyarə qəzası: yaralıların vəziyyəti açıqlanıb
Tarix: 28-12-2024 16:45 | Bölmə: Xəbərlər
Təyyarə qəzası: yaralıların vəziyyəti açıqlanıb

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunub:

"Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib. Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Bir nəfərin (qadın) vəziyyəti orta ağır, daha bir nəfərin (kişi) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir".

Həmçinin bildirilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.

Məlumata görə, üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (kişi cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər