Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
Tarix: 16-09-2025 10:59 | Bölmə: Xəbərlər
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”

“Əgər Avropa Rusiya neftindən əldə olunan gəlirləri azaltmaq üçün “üzərinə düşəni etsə”, o zaman Ukraynada müharibə 2-3 aya bitə bilər”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə deyib.

Nazir vurğulayıb ki, Avropa ölkələri Rusiyanın neft gəlirlərinin azaldılmasında və müharibənin dayandırılmasında daha fəal rol oynamalıdırlar.

Onun sözlərinə görə, Avropa ölkələri Çin və Hindistana yüksək rüsumlar tətbiq etmədikcə, Tramp administrasiyası Çinin Rusiya neftini almasını dayandırmaq üçün Çin mallarına əlavə rüsumlar tətbiq etməyəcək.

“Biz avropalıların üzərinə düşəni etmələrini gözləyirik və avropalılar olmadan biz irəliləməyəcəyik”,- deyə nazir əlavə edib.

Bessent xatırladıb ki, Tramp Rusiyanı əsas gəlir mənbəyi olan neft gəlirlərindən məhrum etmək üçün Avropa ölkələrini Çin və Hindistana 50 faizdən 100 faizə qədər tariflər tətbiq etməyə çağırır. Eyni zamanda o, bəzi Avropa ölkələrinin Rusiya neftini almasını, digərləri isə Rusiya neftindən Hindistanda emal edilən neft məhsullarını almasını tənqid edərək, onların münaqişənin maliyyələşdirilməsinə töhfə verdiyini bildirib.

“Mən sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına əhəmiyyətli dərəcədə ikinci dərəcəli tariflər tətbiq etsə, müharibə 60 və ya 90 günə bitəcək”,- nazir bəyan edib.

Bessent bildirib ki, ABŞ Rusiya şirkətlərinə, o cümlədən “Rosneft” və “Lukoil” kimi iri neft şirkətlərinə qarşı daha sərt sanksiyaları nəzərdən keçirmək və Moskvanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra dondurulan Rusiyanın suveren aktivlərindən daha aktiv istifadəyə hazırlaşmaq üçün Avropa ölkələri ilə işləməyə hazırdır.

Nazirin fikrincə, buna əvvəlcə dondurulmuş 300 milyard dollarlıq aktivlərin kiçik hissələrini müsadirə etməklə və ya onları Ukraynaya kredit üçün girov kimi xidmət edə biləcək xüsusi hüquqi şəxsə yerləşdirməklə nail olmaq mümkündür.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, Donald Tramp Avropa ölkələrinin Rusiyaya qarşı özlərinin Ağ evdən gözlədikləri sanksiyaları tətbiq etmələrini istəyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər