Azərbaycanlı milyarderi axtarışa veriblər - İttiham
Tarix: 13-09-2018 00:11 | Bölmə: Xəbərlər
Azərbaycanlı milyarderi axtarışa veriblər

Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri "Aysel” və "AyBaRus” şirkətlərinin sahibi, azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı qiyabi ittiham irəli sürərək barəsində federal axtarış elan edib.

Reyting.az
saytı Virtualaz.org-a istinadən xəbər verir ki, Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və hətta banan idxalını inhisarında saxlayırmış. Bu səbəbdən ona "Banan Elçin” ləqəbi də qoşublar.

"Kommersant” Elçin Əhmədovu həm də "milyarder” kimi təqdim edir, amma biznesmenin sərvətinin həcmi barədə müfəssəl məlumat olmadığından onun dollar, yaxud rubl milyarderi olduğu dəqiq deyil.

İttihama əsasən E.Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun "Sofiysk” bazarında quldur basqını həyata keçiriblər. Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün "kifayət qədər sübutlar” toplayıblar. Və biznesmenin özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etdiyinə, üstəlik, sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq etməklə hədələməklə, əmindirlər.

İstintaq ehtimal edir ki, 2015-ci il noyabrın 20-də səhər saat 9-an 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə "müəyyən olunmamış şəxslər” bazarda "Royal” MMC tərəfindən icarəyə götürülmüş anbara "aldatma yolu ilə” daxil olublar. Onlar "müəyyən olunmamış və tapançaya oxşayan predmetdən” istifadə edərək hansısa Həsənova zor tətbiq ediblər, habelə hansısa Heydərovu hədələyiblər. Daha sonra "Royal” MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu "açıq-aşkar qəsb ediblər”.

Azərbaycanlı milyarderi axtarışa veriblər

İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir. Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər.

Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir.

"Kommersant”ın məlumatına görə, ittihama əsas kimi Elçin Əhmədovun hərəkətlərindən zərər çəkən şəxsin və şahidlərin ifadəsi əsas götürülüb. Hansı ki, onlar quldur hücumu barədə nəyə görəsə iki il yarım sonra xatırlayıblar və şikayət veriblər. İddia ediblər ki, soyğunçunun Əhmədov olduğunu KİV-lərdə onun fotosunu görəndən sonra biliblər.

Elçin Əhmədov özü isə "Kommersant”a deyib ki, zərərçəkən statusundakı şəxs hüquq-mühafizə orqanlarının tapşırığı ilə onu şərləyir. "Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır. Üç il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə KİV-lər xəbər verdilər ki, şübhəlilərin onlarla qətldə əli ola bilər. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib”, - Əhmədov deyib.

Biznesmen deyir ki, 2015-ci ildə o "Royal” MMC-də heç bir quldurluq etməyib. Və Xəlilovla onun arasında çoxdandır mübahisə var idi. Bu mübahisə Cənubi Afrika Respublikasından apelsin idxalına görə yaranmışdı. "Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mən hər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun”, - Əhmədov xatırlayır.

Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında qaldırılıb, amma işdə fiqurantlar yox idi. Bununla belə müstəntiqlər həmin cinayət işi əsasında Əhmədovun mənzillərində axtarış aparıb "Aysel” və "AyBaRus” şirkətləri barədə sənədləri götürüblər. Daha sonra vergi və digər nəzarət orqanları Əhmədovun biznesini yoxlamağa başlayıblar.

Elçin Əhmədov Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb. "Görünür güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm”, -Əhmədov deyib.

O bildirir ki, həbs olunmayacağına dair qarantiya verilsə Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.

Əhmədov bir neçə ay əvvəl Bakıda yerli KİV-lərə müsahibə verib bu iş barədə geniş danışmışdı.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər