Ədalət Abdinov: “600 mindən çox şəhidimizin ruhuna hörmətsizlik ediblər”
Tarix: 14-04-2019 10:22 | Bölmə: Siyasət
Ədalət Abdinov: “600 mindən çox şəhidimizin ruhuna hörmətsizlik ediblər”

Masallı rayonunun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsinə ucaldılan abidənin sökülməsi ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olub.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Beynəlxalq kommunist və fəhlə hərəkatının fəallarından olan Ədalət Abdinov bunu vandalizm aktı kimi qiymətləndirib:

“Hər hansı bir ticarət obyektinin inşa olunması məqsədilə abidə kompleksinin sökülməsi Böyük Vətən müharibəsində əbədiyyətə qovuşmuş 600 mindən çox Azərbaycanlı şəhidin müqəddəs ruhuna ehtiramsızlıq, saymamazlıq və hörmətsizlikdir”.

Ə. Abdinovun sözlərinə görə, abidə kompleksinə təcavüz edənlər nankorluğun ifrat həddini keçiblər:

“Mədəni irsimizə təcavüzkarlıq cəhdi açıq-aşkar düşmənçilik və xainlikdir!
Abidənin Şər qüvvələrin iradəsindən asılılığı sonda onun dağılmasına səbəb olmuşdur.

Azərbaycan mədəniyyətinə, xalqımızın qəhrəmanlıq mahiyyətini özündə ifadə edən daş yaddaşımıza xəyanət edilib.

Yerli rəsmilərin şər əməli nurlu ocağın xeyirini tapdalayıb. Halbuki onlar abidəyə tikili kimi yox, milli sərvət kimi yanaşmalı idilər”.

Ə. Abdinov qeyd edib ki, geri zəkalılar abidəni dağıtmaqla Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların ruhuna ədəb və tərbiyə nöqsanlarını göstəriblər:

“Yeniyetmələrimiz, gənclərimiz o abidənin önündə xalqımızın qəhrəmanlıq tarixini öyrənirdilər və bundan qürur duyurdular.

Abidəni yerlə yeksan edən mənən balacaların, kiçiklərin, yaltaqların, nadanların əməli nifrətə layiqdir. Bu, sözün əsil mənasında həyasızlıqdır, abırsızlıqdır! Puldan ötəri, varidatdan ötəri mənliyi itirmək olmaz!

Xalqa, insana, yurdumuza, şərəfli tariximizə qarşı qalxan əllər kəsilməlidir.

Abidəni dağıtmaqla şəhidlərımızı alçaldıblar, bu alçaqlığın müqabilində özlərinin heç olduğunu təsdiqləyiblər. İgidlərimizin, fədakarlarımızın müqəddəs ruhu önündə acizləşiblər, ləyaqətsizləşiblər!”

Kommunist fəalı tələb edir ki, Masallıda baş verən bu özbaşınalığın, başlı-başınalığın, hərc-mərcliyin qarşısı dərhal alınsın, cavabdehlər, təşkilatçılar ciddi cəzalandırılsın:

“Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsi tələb edir ki, tarix və mədəniyyət abidələrinin qorumaq hər bir şəxsin borcudur. Ümid edirəm ki, bu cür məsələlərdə çox həssas və barışmaz olan ölkə başçısı qəti sözünü deyəcəkdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}