Rey Kərimoğlu: “Minadan zərərçəkənlərin ehtiyaclarını öyrənirik” - Fotolar
Tarix: 22-10-2025 11:06 | Bölmə: Cəmiyyət
Rey Kərimoğlu: “Minadan zərərçəkənlərin ehtiyaclarını öyrənirik”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Gəncə şəhərində minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.

Reyting.az
xəbər verir ki, bunu AMZA-nın sədri Rey Kərimoğlu bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatları, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarını öyrənməkdir:

“Təşkilatımız ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) layihəni uğurla həyata keçirib. Bu il isə layihəni 8 rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik”.

R. Kərimoğlu qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular keçirilir: “Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq Gəncə rayonunda sorğuların keçirilməsini əsasən başa çatdırmışıq. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. İşimizin çətinliyi ondan ibarətdir ki, minadan zərərçəkən bəzi şəxslər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Ya Bakıda və digər şəhərə, rayona köçüblər, ya da xarici ölkələrdə yaşayırlar. Buna baxmayaraq, biz onların ailə üzvləri ilə görüşür, onların vasitəsi ilə həmin şəxsləri sorğuya cəlb etməyə çalışırıq. Amma Gəncə şəhərində hələ də 14 nəfər mina qurbanı haqqında məlumat toplaya bilməmişik. Bu şəxslər yaşadıqları ünvanı dəyişdiklərindən, çox güman, Bakıda, bəlkə də xaricdə yaşdıqlarından tapa bilmirik. Amma axtarışlarımız davam edir.”

R. Kərimoğlu əlavə edib ki, layihənin icrası zamanı, bir çox minadan zərərçəkənin problemlərinin həlli üçün yerində hərəkətə keçiblər: “Bir çox hallarda onların problemlərini həll edə bilirik”.

Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadındır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 339-i yaralanıb.












Bölməyə aid digər xəbərlər